Naxçıvanda gənclərin hərbçilərlə ənənəvi görüşləri davam etdirilir - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə hərbi hissələrdən daha birində gənclərin zabit və əsgərlərimizlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, hərbi hissənin zabiti Rəşad Həbibov tədbirdə çıxışı zamanı dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri barədə fikirlərini bölüşüb.
Gənc nəslin vətənpərvər ruhda böyüməsi, azərbaycançılıq ideologiyasına, milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasının gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu deyən nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva əlavə edib ki, təmsil etdiyi qurum tərəfindən aidiyyəti təşkilatlarla birgə bu istiqamətdə müxtəlif layihələr reallaşdırılır, tədbirlər planının icrası uğurla davam etdirilir.
Gənclər əvvəlcə hərbçilərimizin əlbəyaxa döyüş və fiziki hazırlıq elementlərindən ibarət nümunəvi çıxışlarını izləyiblər. Daha sonra hərbi texnika və sursatlara baxış olub, hər bir silah və ləvazimatın texniki xüsusiyyətləri, təyinatı barədə məlumatlar diqqətə çatdırılıb. Gənclər hərbi qulluqçuların müxtəlif relyeflərdə döyüş tapşırıqlarının icrası ilə bağlı məşğələsini izləyiblər. Xüsusi təyinatlıların daha bir nümunəvi çıxışı böyük maraqla izlənilib. Birgə nahardan sonra gənclərlə hərbçilər arasında voleybol üzrə dostluq görüşü keçirilib. Tədbir konsert proqramı ilə yekunlaşıb.