Naxçıvanda fəaliyyət göstərən könüllülər mükafatlandırılıblar - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı “Könüllülər həftəsi” proqramı çərçivəsində bayram tədbiri təşkil olunub. Dekabrın 5-i Naxçıvan şəhərində reallaşan tədbirdə nazirliyin rəhbər və əməkdaşları, müxtəlif dövlət qurumlarında könüllülərlə çalışan məsul şəxslər də iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, eləcə də Vətəni uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov gəncləri təbrik edib, əlamətdar günün mahiyyəti və ölkəmizin könüllülük hərəkatı ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqaməti kimi könüllülük həm də bir çox gənc üçün yeni karyera başlanğıcına çevrilib. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi ilə Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin dəstəyi ilə könüllülük sahəsində atılan genişmiqyaslı işlərin nəticəsi olaraq ölkəmizdə hərəkat halına çevrilən bu nəcib fəaliyyət mexanizmi ildən-ilə daha da genişlənir. Nazir müavini əlavə edib ki, muxtar respublikada 2018-ci ildən başlayan könüllülük təcrübəsi zaman keçdikcə hərəkat halına çevrilib və bir çox dövlət qurumunda yaradılan könüllü qrupları sayəsində gənclərin bu fəaliyyəti müxtəlif sahələrə yayılıb. Cari ildə yaradılmış “Yaşıl dünya könüllüləri” və “Aqrar könüllü”, eləcə də yenidən formalaşdırılmaqda olan “İdman könüllüləri” qruplarının ərsəyə gəlməsini bu sahədəki dinamikliyin, yüksək marağın təzahürü kimi dəyərləndirən Məcid Seyidov Gənclər və İdman Nazirliyinin könüllülərlə işə xüsusi önəm verdiyini vurğulayıb, bu istiqamətdə həayata keçirilən davamlı və ardıcıl tədbirlər barədə danışıb. İl ərzindəki aktiv fəaliyyətinə görə könüllülərə təşəkkürünü ifadə edən Məcid Seyidov onlara daimi həmrəylik və uğurlu karyera yolu arzulayıb.
Gənclərdən Nurcan Məmmədli il ərzindəki könüllülük fəaliyyəti barədə danışıb, verilən dəyərə görə minnətdarlığını ifadə edib.
Sonra “Könüllülər həftəsi” çərçivəsində keçirilən yarışmaların qalibləri, il ərzində aktiv fəaliyyəti ilə seçilən könüllülər, eləcə də könüllü qrupları ilə çalışan məsul şəxslər mükafatlandırılıblar. Tədbir konsert proqramı ilə yekunlaşıb.