Naxçıvan Qızlar Liseyində maarifləndirici tədbir keçirilib -

Naxçıvan Qızlar Liseyində maarifləndirici tədbir keçirilib - FOTO

28 Mart 2024

Martın 28-də Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyində “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov bildirib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq və tibb sahəsində maddi texniki baza və İKT infrastrukturunu müasir tələblərə uyğunlaşdırmaq icbari tibbi sığortanın qarşısına qoyduğu məqsədlərdir. Bugün səhiyyə sahəsinə göstərilən dövlət qayğısı, yeni kadr potensialının formalaşması, tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi üçün görülmüş işlər onu deməyə əsas verir ki, vətəndaşlarımız dövlət tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfində göstərilən bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Əlçatanlığı artırmaq üçün atdığımız əsas addımlardan biri  muxtar respublikada təminat verilən tibbi xidmətlərin sayının artırılması oldu. Misal olaraq deyək ki, pilot layihə  dövründə Xidmətlər Zərfinə az sayda xidmət daxil idisə, ötən il bu say Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 2550-dən 3315-ə qədər artırıldı. Yeni xidmətlər sırasına ilk dəfə olaraq qaraciyər və böyrək transplantasiyası, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyası əməliyyatları əlavə olundu. Əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılmasına gəlincə məqsədimiz odur ki, maddi vəziyyətindən asılı olmayaraq,  hər bir vətəndaşımız səhhətində yaranmış narahatlıqla bağlı tibbi yardım ala bilsin, dövlətinin qayğısını hiss etsin. İcbari tibbi sığortanın tətbiqindən sonra dəyəri yüksək cərrahi əməliyyatlar insanlara daha əlçatan olub. 

Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Gülxatın Zeynalova təqdimat üzərində çıxış edərək bildirib ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığorta olunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. G.Zeynalova tibbi sığortadan kimlərin istifadə edə biləcəyi, Agentliyin fəaliyyətinin məqsədləri, tibbi sığorta haqları, “Xidmətlər Zərfi”, xidmətlər zərfində dərman təminatı, arayışlar, xidmətlər zərfində hansı tibbi xidmətlərdən istifadə oluna biləcəyi, tibbi xidmət almaq üçün hara müraciət edilməsi, ailə həkimi, ambulator və stasionar müayinə üçün qəbul qaydaları və gözləmə müddətinin tətbiqi şərtləri haqqında ətraflı məlumat vermişdir.

Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Mənsurə Hümbətova