Naxçıvan Muxtar Respublikasının məhkəmələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məhəməsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş muxtar respublikada fəaliyyət göstərən məhkəmələrin komandaları arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhəməsinin hakimi Mehman Allahverdiyev tədbir iştirakçılarını salamlayıb, intellektual oyunun məqsədləri barədə məlumat verib, komandalara uğurlar arzulayıb.
İntellektual oyunda əsasən ölkəmizin dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Naxçıvan Muxtar Respublikasının muxtariyyət yolu, eləcə də ümumi dünya görüşü ilə bağlı suallar cavablandırılıb.
Yarışın yekun nəticəsinə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin komandası birinci, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakim köməkçiləri komandası ikinci, Babək Rayon Məhkəməsinin komandası üçüncü yerdə qərarlaşmışlar.
Sonda I yeri tutmuş komanda diplom və kubokla, II və III yeri tutmuş komandalar diplomla, I, II, III yeri tutmuş komanda iştirakçıları Fəxri Fərmanla təltif olunublar.