Mövludun mübarək qəhrəman

Mövludun mübarək qəhrəman

04 Fevral 2025

Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış cəsur döyüşçü Göydağlı Ramazan Əbülfət oğlunun mövlud günüdür.

Bu münasibətlə Culfa rayon Kırna kənd qəbristanlığında mərasim keçirilib.

Tədbirdə rayon rəsmiləri və rayon içtimaiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagirdləri, xidmət etdiyi hərbi hissənin əsgər, zabit heyəti, qazilər, şəhid ailələri iştirak edib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni oxunub. İştirakçılar qəhrəmanımızın məzarını ziyarət edərək məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər, şəhidin ruhuna dualar oxuyublar.

Məktəblilər vətənpərvərlik ruhunda qələmə alınmış şeirlər qiraət ediblər.

Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. İki bacının bir qardaşı olan qəhrəmana "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.

İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidməti bitirib və bir sıra fərqli sahələrdə işləməyə başlayıb. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanıb.

Bir neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olub, bununla da hərbi fəaliyyətinə yenidən başlayıb. Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə və hərbi əməliyyatlara qoşulub.

Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirib. MAHHXHQ əsgər Ramazan Göydağlı Xocalı rayonunun bir neçə kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda davam edən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ramazan Noyabr ayının 2 də uğrunda canını fəda etdiyi Vətən torpağına qovuşdu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramazan Göydağlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramazan Göydağlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, ötən ay gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirmək məqsədilə Ramazan Göydağlının xatirəsinə həsr olunmuş portret film də ictimaiyyətə təqdim olunub.

Bu, Mahmud Kaşqari adına Beynəlxalq Fondun 44 günlük Vətən müharibəsində şərəfli yol keçmiş Vətən oğullarına həsr olunmuş xatirə kitabı, “Cəbhə gündəlikləri” memuarı və silsilə portret filmləri layihəsi əsasında baş tutub.

Ramazan müharibənin getdiyi müddətdə yoldaşına son dəfə bu sözləri söyləyib:“Mən bura şəhid olmağa gəlmişəm.” Sosial şəbəkədə paylaşdığı mesaj da bu yolda canını hər an fəda etməyə hazır olduğunun göstəricisidir. “Bizi böyük sınaqlar gözləyir. Əgər biz bu sınaqları keçsək, Allahın izni ilə cənnətə gedəcəyik...”

Vətəninə şərəflə xidmət edən Ramazan canı qədər sevdiyi Vətəninin bütövlüyü uğurunda hücum əmiri gələndə silaha sarılıb, öndə gedib. Düşmən avtomobili, onlarla canlı qüvvəsi Ramazanın rəşadəti ilə məhv edilib.

Torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmayacağını hər zaman bəyan edən Ali Baş komandan İlham Əliyev öz əsgərinin vətənpərvərliyinə güvənib ordu quruculuğu işini yüksək səviyyədə reallaşdırdı. Vətən müharibəsində Azərbaycanın Ramazan kimi cəngavərləri xalqımızın qəhrəmanlıq səlnaməsini yenilədi, düşmənə yerini göstərdi.

Ruhun şad olsun qəhrəman!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Naxçıvan Şəhid Ailələri İctimai birliyinin mətbuat katibi