Milli dəyərlər və uşaqlar - FOTO
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində “Milli dəyərlər və uşaqlar” mövzusunda növbəti tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyunun 10-da uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi ilə bağlı növbəti maarifləndirici tədbir Naxçıvan Qızlar Liseyində baş tutub.
Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin qorunması və gələcək nəsillərə çatdırılmasının, gələcəyimiz olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd ediblər. Bildirilib ki, yüksək savada malik, dünyagörüşlü, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq əsl Azərbaycan xanımı yetişdirmək məqsədinə xidmət edən Naxçıvan Qızlar Liseyinin özünəməxsus ənənələri vardır.
Uşaqların milli dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsinin əhəmiyyətindən danışılan tədbirdən 50 nəfər yararlanıb. Tədbirin sonunda müvafiq mövzu ilə bağlı 30 ədəd broşür paylanılıb.