Mənzil kirayə götürərkən yazılı müqavilə əsasdırmı? -

Mənzil kirayə götürərkən yazılı müqavilə əsasdırmı? - HÜQUQ MƏSLƏHƏTİ

01 Dekabr 2023

Sual : Salam, bilmək istərdim ki, mənzili kirayəyə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?

Cavab: Bəli, mənzili kirayə verərəkən və ya götürərkən mütləq qaydada yazılı müqavilə bağlanılmalıdır. Təcrübə göstərir ki, əksər hallarda mənzili kirayəyə verərəkən və ya götürərkən kirayəyə verənlə kirayəçi şifahi qaydada razılığa gəlirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki, bu halda kirayəçi çətin vəziyyətdə qalar, çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını bildirə bilər, bu da kirayəçinin maddi cəhətdən çətin vəziyyətə düşməsinə səbəb ola bilər. Kirayəçi mənzilə zərər vurduğu təqdirdə tərəflər arasında müqavilənin olması kirayə verənin ona dəymiş zərəri məhkəməyə müraciət etmək yolu ilə tələb etməsinə kömək edəcəkdir. Kirayəyə verən normativ hüquqi aktlarla müəyyən edilmiş qaydalara əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmaq üçün müvafiq dövlət orqanına müraciət etməli olduğu halda, sahibkarlıq fəaliyyətinin subyekti kimi qeydiyyatdan keçmir. Yuxarıda qeyd edilənlər və digər hallar müqavilə bağlanmasının zəruriliyini şərtləndirən faktiki amillərdir. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında, yəni bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Onu da qeyd edim ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Belə fəaliyyət növlərindən biri də hüquqi və ya faktiki olaraq daşınmaz əmlakın kirayəyə verilməsidir. Cinayət, inzibati və vergi qanunvericiliklərinin tələblərinə görə həyata keçirilən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatına (vergi uçotuna) alınmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti, yəni qanunsuz sahibkarlıq fəaliyyəti vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin məbləğindən asılı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas - Tural Tarverdiyev