Məcid Seyidov Qərbi Azərbaycandan olan gənclərlə görüşüb -

Məcid Seyidov Qərbi Azərbaycandan olan gənclərlə görüşüb - FOTO

30 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu çərçivəsində həmin gənclərlə görüşüb, onlarla öz fikirlərini bölüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir müavini qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi ilə doğma yurdlarımızda həyat yenidən canlandı, sakinlər öz evlərinə geri döndü. Bu, həm də böyük qayıdışın bir hissəsi kimi xalqımızın gələcək taleyinə böyük ümidlər vəd edir. Ölkə başçısının qətiyyətli və düşünülmüş siyasəti ilə Azərbaycanın dinamik inkişafı, bütün sahələrdə əldə olunan davamlı uğurlar, xüsusən də suverenliyimizin tam bərqərar olmasının fonunda vaxtilə öz yurdundan deportasiya olunmuş azərbaycanlıların vüsalına çatması üçün güclü əsaslar yaranıb. Məcid Seyidov Prezidentin Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə 2022-ci ildə keçirdiyi tarixi görüşün nəticələrindən biri kimi Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası”nın əsas prinsipləri və önəmi barədə fikirlərini də bölüşüb.

Xalqımızın böyük qayıdış uğrundakı ali mübarizəsində gənclərin rolundan bəhs edən nazir müavini əlavə edib: “Gənc nəsil ilk növbədə Azərbaycanın tarixini mədəniyyətini dərindən öyrənməli, mövcud reallıqların və gedən proseslərin fərqinə varmalı, haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdırarkən hüquqi müstəvidən çıxış etməlidir. Azərbaycan gəncinin çağdaş dövrümüzdəki imkanları, bilik və bacarıqları bunun üçün kifayət qədər önəmli faktordur”.

Qərbi Azərbaycandan olan gənclərə əzəli ata-baba yurdlarına qayıdacaqlarına əminliyini ifadə edən Məcid Seyidov vurğulayıb ki, dövlətimiz sülh və təhlükəsizlik prinsipləri əsasında soydaşlarımızın haqqlarını müdafiə etməyə qadir gücdədir və tez-gec bu proseslər bizim xeyrimizə nəticələnəcəkdir.