Məcid Seyidov Babəkdə vətəndaşları qəbul edib -

Məcid Seyidov Babəkdə vətəndaşları qəbul edib - FOTO

15 Yanvar 2025

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Babək şəhərində vətəndaşların müraciətlərinə baxılıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdən öncə ümummilli lider Heydər Əliyevin Babək şəhərində ucalan abidəsi ziyarət edilib.

Rayon İcra Hakimiyyətində reallaşan qəbul zamanı vətəndaşların fikir, təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, vətəndaşların yaşadıqları ərazilərdə idman qurğularının, futbol meydançalarının və idman zallarının yaradılması, gənclərin intellektual inkişafı ilə bağlı layihənin dəstəklənməsi və digər məsələlərlə bağlı olub. 

Müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, vətəndaşlara qanunvericiliyin müvafiq məsələlərlə bağlı mövcud prosedurları izah olunub, müvafiq tövsiyələr diqqətə çatdırılıb.

Nazir müavini Məcid Seyidov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi milli prioritetlərdən biridir. Bu istiqamətdə Naxçıvanda da davamlı işlər görülür, tədbirlər keçirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər barədə danışan nazir müavini artıq Naxçıvan şəhərində açıq hava idman qurğularının əhalinin istifadəsinə verildiyini xatırladıb, infrastruktur layihələrinin mərhələli şəkildə bölgələri də əhatə edəcəyini vurğulayıb.

Qeyd edək ki, dövlətin dəstəyi ilə həyata keçirilən işlərin davamı olaraq Babək şəhərində və rayonun bir neçə kəndində idman infrastruktur layihələrinin icrası nəzərdə tutulub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsi çərçivəsində bu il üçün planlaşdırılan idman meydançalarından biri də Babək rayonunda inşa olunacaq.