Azərbaycan AIIB ilə enerji layihələri üzrə tərəfdaşlığı müzakirə edib
İqtisadiyyat nazir Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş investisiya direktoru Konstantin Limitovski ilə enerji layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“K.Limitovski ilə görüşmək xoş oldu. İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladıq”, - paylaşımda qeyd edilib.
Görüşdə Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bankın regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda "yaşıl enerji"nin inkişafına töhfə verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə investisiya proqramlarının hazırlanmasında geniş təcrübəyə malik olduğu və əsasən infrastruktur, o cümlədən energetika, nəqliyyat, şəhərsalma, logistika, telekommunikasiya, ətraf mühit və digər sahələrin inkişafına dəstək olduğu bildirilib