Komitənin kollektivi şəhid ailəsində olub -

Komitənin kollektivi şəhid ailəsində olub - FOTO

18 May 2024

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Vətən müharibəsi şəhidi gizir Bağır Ələkbərovun ailəsini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla və qayğı ilə yanaşdığını qeyd edib. 

Vətən müharibəsi şəhidi gizir Bağır Ələkbərovun ailə üzvləri, anası Ələviyyə Ələkbərova və həyat yoldaşı Nərmin Ələkbərova şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan və şücaətindən danışıblar.

Xatırladaq ki, şəhid gizir Ələkbərov Bağır Əsəd oğlu 10 fevral 1995-ci ildə Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub. Gizir hərbi rütbəsində snayper olaraq Ordu sıralarında xidmət edən Bağır Ələkbərov xarici ölkələrdə keçirilən beynəlxalq təlimlərdə iştirak edib. 2018-ci ildə qazanılan Günnüt zəfərində Bağır Ələkbərovun da payı var. İkinci Qarabağ savaşında xüsusi təyinatlı gizir Ələkbərov Hadrut, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə 15 kəndin azad olunması əməliyyatlarında iştirak edib. 15 oktyabr 2020-ci ildə Hadrutda gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Bağır Ələkbərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb. Bağırın Əsəd və Tunar adlı iki övladı Vətənə əmanət qalıb.