Komitə tərəfindən tələbələr maarifləndirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində "Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda keçirilən növbəti maarifləndirici tədbir Naxçıvan Dövlət Texniki Kollecində baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov gənclərin düzgün karyera seçimi istiqamətində maariflənmələrinin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək şəxsi inkişafın qızıl qaydaları və onun qazandırdığı keyfiyyətlər, karyera planlamalarında uğurlu addımlar atmanın yollarından danışıb. Firuzə Hüseynova bildirib ki, düzgün karyera seçimi etmək asan və qısamüddətli proses deyil. Karyera yolumuzu təyin edərkən maraqlarımızı, bacarıqlarımızı və dəyərlərimizi nəzərə almalıyıq.
Tədbirin sonunda peşə seçiminə təsir edən amillər və bunun gələcək karyerada rolu müzakirə edilib.