Kəngərlidə bələdiyyələr üçün seminar keçirilib
Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri üçün maarifləndirici seminar təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusuna həsr olunan tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Təbriz Eyvazlı bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin hüququdur. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. İcarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə isə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Vəliyəddin Allahverdiyev “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində icarə münasibətləri” barədə məlumat verib. Vurğulanıb ki, ölkəmizdə aparılan torpaq islahatları nəticəsində yerli özünüidarəetmə orqanlarına torpaq sahələri ayrılmış və bu torpaq sahələri ərzaq bolluğunun yaradılmasında mühüm yer tutur. Bələdiyyələrin mülkiyyətlərində olan ehtiyat fondu torpaqlarının hüquqi və fiziki şəxslərin icarəsinə verilməsi əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsində xüsusi rol oynayır.
Seminarda bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı bağlanan müqavilələr, həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət barədə müzakirələr aparılıb, verilən suallara aydınlıq gətirilib.