Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibinə nələr daxildir? -

Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibinə nələr daxildir? - HÜQUQ MƏSLƏHƏTİ

29 İyun 2024

Torpaq Məcəlləsinə görə torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri , meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

Kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda yol verilir.

Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır