İtaliyada COP29 və Azərbaycanla bağlı seminar keçirilib
İtaliyanın Molise regionunun Unimol İtaliya Universitetində "Azərbaycan: Özümüzü yenidən kəşf edirik. Tarixi və sosial baxımdan geosiyasi qiymətləndirmə" adlı seminar keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İtaliyada yaşayan Türkiyə vətəndaşı, azərbaycanlı şərqşünas, filoloq, tərcüməçi Məlaike Hüseyin bildirib.
O deyib ki, 3 saat davam edən seminarda professor Lorenzo Scillitani auditoriyaya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) hazırda Bakıda keçirilən 29-cu Sessiyası faktını xatırladıb və bunu təqdir edib. Professor Azərbaycanın yalnız region üçün deyil, Avropa üçün də artan əhəmiyyətini vurğulayıb.
Professor Azərbaycanın geosiyasi və tarixi mənşəyinə görə ən həssas coğrafiyada - Qafqazda yer aldığını bildirərək deyib ki, bu mövzuda müxtəlif tədqiqatçılar və dünyaşöhrətli ekspertlərlə görüşlər davam edəcək.
Daha sonra M.Hüseyin 1990-cı il yanvarın 20-də Bakı küçələrində dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyini xatırladıb, sovet ittifaqının dağılması prosesi və Azərbaycandakı mövcud vəziyyətdən bəhs edib. Məruzəçi 30 illik mübarizədən sonra işğalçı Ermənistandan torpaqlarını geri alan Azərbaycanın Qafqazda daimi sülhün bərpası və bu münaqişənin davam etməməsi üçün apardığı düzgün siyasətə də toxunub.