
İşəgötürən tərəfindən cərimələr tətbiq edilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İş yerində baş vermiş hər əmək pozuntusuna (işə gecikməyə, kassadan pulun əskik olmasına, satışın zəif edilməsinə) görə işəgötürən işçini cərimələyə bilərmi? Bilmək istərdim ki, işəgötürən tərəfindən tətbiq edilən bu cərimələr qanunidirmi?
Cavab: İlk olaraq qeyd edim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmin məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər, yəni töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edə, əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Qanundan da göründüyü kimi əgər kollektiv müqavilə varsa və müqavilədə bu yazılıbsa, o halda işçiyə cərimə tətbiq oluna bilər. Mümkündür ki, müəssisədə kollektiv müqavilə olsun, lakin cərimə ilə bağlı məsələ orada qeyd olunmasın, bu halda rəhbərlik işçini cərimələyə bilməz. Qeyd edim ki, bu cərimə növü intizam tənbehi hesab olunur və rəhbərin bununla bağlı yazılı əmri olmalıdır. İşçi əmrlə tanış edilməli və onun tələbi ilə əmrin bir nüsxəsi ona verilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə—işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. Beləliklə, əgər müəssisədə kollektiv müqavilə yoxdursa və ya kollektiv müqavilə olsa da, o müqavilədə nəzərdə tutulmayıbsa, işəgötürənin sizi cərimə etməsi qanunsuz əməldir və bununla bağlı siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərsiniz.
Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas - Tural Tarverdiyev