İngiltərə hakimlər təşkilatı “Liverpul”un matçında arbitrin ciddi səhvə yol verdiyini etiraf edib
İngiltərədə peşəkar matçlarda hakimliyi təmin edən “Professional Game Match Officials Limited” (PGMOL) təşkilatı hakimin “Tottenhem” – “Liverpul” matçında sayılmayan qolla bağlı ciddi səhvə yol verdiyini etiraf edib.
NAXCİVANXEBERLERİ.COM “BBC Sports”a istinadən xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.
“PGMOL ciddi insani səhvə yol verildiyini etiraf edir”, - bəyanatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, qurum insidentlə bağlı tam yoxlama aparacaq.
“Luis Diasın qolu hakimlər briqadasının qeydə aldığı ofsayda görə sayılmayıb. Bu, VAR tərəfindən qolun verilməsi ilə nəticələnməli olan açıq və aşkar faktiki səhv idi, lakin VAR müdaxilə edə bilmədi”, - sənəddə bildirilib.
“Liverpul”un baş məşqçisi Yurgen Kloppun təşkilatın bu etirafına reaksiyası gecikməyib: “Bunun kimə faydası var?”.
Oyundan sonrakı mətbuat konfransında almaniyalı mütəxəssis keçmişdə də bənzər səhvlərin olduğunu və nəticədə heç nəyin dəyişmədiyini xatırladıb. Eyni zamanda, Klopp komandası ilə fəxr etdiyini və indiyədək “belə ədalətsiz və ağlasığmaz qərarların verildiyi” oyun görmədiyini vurğulayıb.
Qeyd edək ki, Londonda baş tutan "Tottenhem" - "Liverpul" matçı ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu, "qırmızılar"ın son vaxtlar hakimlər briqadası ilə yaşadığı ilk olay deyil. Aprel ayında yan hakim Mersisayd təmsilçisinin müdafiəçisi Endrü Robertsonu dirsəklə vurduğuna görə hakimlikdən uzaqlaşdırımışdı.