İgid şəhidim sizinlə fəxr edirik

İgid şəhidim sizinlə fəxr edirik

13 Noyabr 2024

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibəsində özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan oğulların çiyinlərində yüksəlir.

Belə igidlərimizdən biri də xüsusi təyinatlı qüvvələrin əsgəri şəhid - İbrahimov Ayaz Sultan oğludur. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş Qəhrəmanımızın şəhidlik zirvəsinə ucalmasından 4 il ötür.

Bu əlamətdar gündə biz də şəhidimizin məzarını ziyarət edib, anım tədbirində iştirak etdik. Onu yetişdirib, boya-başa çatdıran ailəsini ziyarət etdik.

Bütün şəhidlərimizin anım günündə olduğu kimi Ayazın da ildönümündə bütün kənd camaatı, məktəblilər, xidmət etdiyi hərbi hissənin əsgər-zabit heyəti, Babək rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan MR Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər valideyinlərin yanında oldular.

Qəhrəman el oğllarımızın əziz xatirəsi yad olundu. Dövlət himni səsləndirildi. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üstünə tər çiçəklər düzüldü.

Anım tədbirində çıxış edən qəhrəmanın müəllimləri, mülkü həyatdakı dostları, döyüş yoldaşları Ayazın orta məktəbdə təhsil aldığı illərdən şəhidlik məqamına yüksəldiyi günə qədər olan dövrü xatırladılar. Ayaza vəsf edilmiş şeirləri onun bir zamanlar təhsil aldığı orta məktəbin şagirdləri səsləndirdilər.

Ayaz 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində dünyaya göz açıb. Orta təhsilini Məmmədrza Dizə kənd tam orta məktəbində alıb. Anası Gülü xanım deyir ki, Ayaz təhsil aldığı illərdə bir dəfə də olsun onunla bağlı şəikayət gəlməyib. Müəllimləri və məktəbli yoldaşları onun xətrini çox istəyirdilər. "Oğlum mehribanlığı, mərdliyi, mədəniyyəti ilə ətrafındakı insanların rəğbətini qazanmışdı. Ayazın yeniyetmə yaşlarında hərbiyə çox marağı var idi. Tez böyüyüb hərbi xidmətə getmək istəyirdi. Deyirdi müharibə başlayan kimi düşməni xalqımıza qarşı etdiklərinə görə cəzalandıracaq".

Ayaz 2015-ci ildə orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanır. Hərbiyə olan bağlılığı və düşməndən qisas almaq istəyi Ayazın xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıtmağını labüd edir. 2018 -ildən O, artıq Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi vətənə xidmət edirdi. Bir müddət sonra cəsur döyüşçü çavuş rütbəsi alır. Orduda xidməti dövründə Ayaz zabit və əsgər heyətinin hörmətini, güvənini qazanır.

Ailə ilə söhbətimiz əsnasında şəhidin atası Sultan bəyin nəql etdiyi bir hadisə çox maraqlıdır: "Ayaz Vətən müharibəsi başlanmazdan bir neçə gün əvvəl evdə olarkən darvazanın önündə dayanıb diqqətlə baxdıqdan sonra anasına və mənə dedi ki, " darvazamızın kənar hissəsində yüksəkdə bayraq üçün yaxşı yer göyürəm. Ana mən üç rəngli bayrağımızı azad edəcəyimiz torpaqlarda dalğalandırdıqdan sonra burada da bayrağımız dalğalanacaq". Elə bil şəhid olacağını əvvəlcədən hiss etmişdi. Bayrağın sancılacağı yeri belə seçmişdi".

Beləliklə Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ordusunun işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan haqq savaşına oktyabr ayının 24 də qatılır. Vətən müharibəsi zamanı bir çox strateji məntəqələrin, mühüm postların düşməndən təmizlənməsində xidmətləri olur. Son döyüş olan Şuşanın azadlığı uğrunda gedən əməliyyatlarda böyük rəşadət nümayiş etdirən Ayaz İbrahimovun 9 noyabr 2020-ci ildə verilən tapşırığı yerinə yetirərkən yaxınlığına düşən minamoyotun qəlpələri ürək nahiyəsinə xəsarət yetirir. Qəhrəman el oğlumuz ordaca şəhadətə yüksəlir. 13 noyabr 2020-ci il tarixdə doğulub, boyabaşa çatdığı kəndində torpağa tapşırılır.

Valideyinləri onunla nə qədər fəxr etsələr azdır. Çünki Ayaz kimi oğullar bu günün haqq işini gələcək nəsillərə saxlamadı. Onlar canları, qanları bahasına düşməni torpaqlarımızdan çıxardı. Ayazın döyüşlərdə göstərdiyi igidliyi və şücaəti Ali Baş komandanın diqqəti dən kənarda qalmayıb.

Belə ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Vətən uğrunda", döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyi və igidlik göstərdiyi üçün "İgidliyə görə" və Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirdiyinə görə "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə medalları ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra " III dərəcəli Vətənə Xidmətə görə" medalı ilə təltif edildi.

Qürur mənbəyimizə çevrilən Ayaz İbrahimov kimi şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, əziz xatirələrini daim yüksək tutmalıdır.

Onlar hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü