Hüquqpozmalarla bağlı maarifləndirici tədbir keçirilib -

Hüquqpozmalarla bağlı maarifləndirici tədbir keçirilib - FOTO

13 Fevral 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan MR Səhiyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Kəngərli rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Kəngərli rayon İcra Hakimiyətinin şöbə müdiri Rəşad Həsənzadə giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək: Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısını almaq,bu pozuntuların yaranmasına imkan verən səbəb və halları aradan qaldırmaq, yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq və yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq həmçinin, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınmasından danışaraq, bu sahədə maariflənmənin mühüm rolu olduğunu qeyd edib.

Tədbirdə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova, Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.