Müəyyən müddətə azadlıqdan məhrumetmə və həbs arasında nə kimi fərq var? -

Müəyyən müddətə azadlıqdan məhrumetmə və həbs arasında nə kimi fərq var? - HÜQUQ MƏSLƏHƏTİ

11 Mart 2025

Sual: Müəyyən müddətə azadlıqdan məhrumetmə və həbs arasında nə kimi fərq var?

Cavab: Bir çox hallarda müəyyən müddətə azadlıqdan məhrumetmə və həbs anlayışları eyniləşdirilsə də, bu iki anlayış arasında tətbiq olunduğu şəxslərin dairəsi, seçilmə əsasları, yaratdığı hüquqi nəticələr, xarakter baxımından və digər fərqlər vardır.

Müəyyən müddətə azadlıqdan məhrumetmə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza növlərindən biri olub cinayət törətməkdə təqsirli bilinmiş şəxsin barəsində məhkəmə tərəfindən seçilərək şəxsin cəzaçəkmə müəssisəsi və ya həbsxanaya, yetkinlik yaşına çatmayan şəxslərin isə tərbiyə müəssisəsinə yerləşdirilməklə cəmiyyətdən təcrid edilməsindən ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası məhkəmə baxışının yekunu olaraq məhkəmənin hökmü ilə cinayət törətməkdə təqsirli bilinən şəxs barəsində seçilir.

Həbs qətimkan tədbiri isə prosessual məcburiyyət tədbiri olmaqla Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasından ibarətdir. Həbs qətimkan tədbiri ibtidai istintaqın gedişində və ya məhkəmə baxışının gedişində məhkəmə tərəfindən seçilir.

Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Həbs qətimkan tədbirinin məqsədi isə təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etməkdir.

3. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs cəzaçəkmə müəssisəsində və ya həbsxanada, yetkinlik yaşına çatmayan şəxslər tərbiyə müəssisəsində, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs isə istintaq təcridxanasında saxlanılır.

4. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs “məhkum”, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs isə “təqsirləndirilən şəxs” adlandırılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov