Həmkarlar İttifaqları Şurasının sədri Türkiyənin baş konsulu ilə görüşüb -

Həmkarlar İttifaqları Şurasının sədri Türkiyənin baş konsulu ilə görüşüb - FOTO

27 Fevral 2024

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Türkiyənin baş konsulu ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, fevralın 27-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb. 

AHİK sədrinin müavini Naxçıvandakı diplomatik fəaliyyətində baş konsul Asip Kayaya uğurlar arzulayıb.

Şura sədri bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir. Biz də Həmkarlar İttifaqları Şurası olaraq bu birliyi davam etdiririk.

Vurğulanıb ki, ötən ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkdilli dövlətlərin Həmkarlar İttifaqları Təşkilatları yaradılması ilə əlaqədar həm Bakıda, həm də Şuşada tədbirlər keçirilib. İyulun 28-də Şuşada türk dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatlarının yaradılması haqqında müqavilə imzalandı. Bunun davamı olaraq sentyabrın 22-də Özbəkistanın paytaxtı Səmərqənddə və noyabrın 29-da isə Türkiyənin paytaxtı Ankarada müqavilələr imzalandı. Qeyd edilib ki, bu müqavilələr həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirəcək.

AHİK sədrinin müavini onu da bildirib ki, 12-17 sentyabr tarixlərində Türkiyənin Ağrı vilayətində zəlzələ qurbanlarına mənəvi dəstək məqsədi ilə keçirilən “UYAFA AĞRI DAĞI CUP 2023” futbol turnirində Araz-Naxçıvanın U-13 komandası "Qrup ikincisi" və "Centilmenlik" kuboku ilə təltif olunub.

Həmçinin Ağrı vilayətində səfərdə olarkən Ağrı valisi Mustafa Koç və Ağrı İbrahim Çeçen Üniversitetinin Rektoru Prof. Dr. Abdulhalik Karabulutla olan səmimi görüşdən bəhs edilib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Türkiyədə baş verən dəhşətli zəlzələni xatırlayaraq faciə qurbanlarına bir daha Allahdan rəhmət diləyib. 

Diqqətə çatdırıb ki, zəlzələ baş verən zaman Naxçıvan Üniversitetində təhsil alan Kahramanmaraş sakini, tələbə Mustafa Cem Yeterin təhsilini davam etdirməsi üçün Şura tərəfindən böyük məbləğdə maddi dəstək göstərilib.

Şura sədri Türkiyənin Naxçıvandakı Baş Konsuluna bundan sonra da qarşılıqlı əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş konsul Asip Kaya təşəkkürünü ifadə edərək Naxçıvanın türk dünyasında önəmli yerə malik olduğunu vurğulayıb. Baş konsul bildirib ki, iki ölkə arasındakı əlaqələrin inkişafı və gələcək perspektivi baxımından muxtar respublikanın mövqeyi xüsusi əhəmiyyətə malikdir. 

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Asip Kayaya üzərində Naxçıvan memarlıq məktəbinin dəyərli nümünələrindən biri olan Qarabağlar türbəsinin təsviri olan simvolik xalça hədiyyə edib. Həmçinin Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya da Şura sədrinə hədiyyə təqdim edib və xatirə fotosu çəkdirilib.

Mənsurə Hümbətova