Hansı hallarda boşanmaq olmaz? -

Hansı hallarda boşanmaq olmaz? - HÜQUQ MƏSLƏHƏTİ

02 Fevral 2024

Sual: Hansı hallarda boşanmaq olmaz?

Cavab: Boşanmaq fikirləşdiyimiz kimi asan proses deyil. Qanunvericilik nikahın pozulması zamanı bir sıra məhdudiyyətlər qoyur. Belə ki, arvadın hamiləliyi dövründə o cümlədən uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadıqda ər nikahın pozulması barədə iddia qaldıra bilməz. Bu hal nikahın məhkəmə qaydasında və VVADQ şöbələrində nikaha xitam verilməsi qaydalarına da aiddir. Uşağın doğulmasından bir il keçdikdən sonra bu müddəa öz qüvvəsini itirir və əvvəlki işin icraatına xitam verilməsindən asılı olmayaraq ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilər. 

Onu da qeyd edək ki, qanunvericilik ölü doğulmuş uşağı və ya doğulduqdan sonra bir il müddətə yaşamayan uşaqların istisnasını müəyyən etməmişdir. Bir sözlə bu hallar da ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır.

Ailə Məcəlləsinin 15-ci maddəsinin tələbinin uşağın 1 yaşına çatanadək ölməsi halına şamil olunub-olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunun bu norması imperativ xarakter daşımaqla birmənalı şəkildə müəyyən etmişdir ki, arvadın razılığı olmadan ər uşağın doğulmasından sonra 1 il müddətində nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Qanunun müəyyən etdiyi 1 il müddətində məhdudiyyət uşağın bir neçə aydan sonra ölməsi faktı ilə əlaqələndirilmir və onun ölümü də 1 illik müddəti aradan qaldırmır. Bu baxımdan, Ailə Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulan 1 illik məhdudiyyət uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü halları da ehtiva edir.

Göstərilən maddənin mənasına görə ərin arvadın razılığı olmadan nikahın pozulması barədə iddia qaldırmaq hüququ, uşağın ölü doğulması və ya bir yaşına çatanadək ölməsi hallarında da, yalnız uşağın doğulduğu gündən 1 illik müddət tamam olduqdan sonra yaranır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov

Mənsurə Hümbətova