FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Respublika ərazisində baş verən yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla ehtiyatsızlıq, uşaqların nəzarətsiz qalması və s. kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır. Elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin, standartlara uyğun olmayan qaz cihazlarından istifadə yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin! Elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin! Elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin! Mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın! Mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın! Uşaqları nəzarətsiz qoymayın, onların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin! Tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!
Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!
Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng vurun!
Mənsurə Hümbətova