Ev dustaqlığı qətimkan tədbiri kimlərinin barəsində seçilə bilər? -

Ev dustaqlığı qətimkan tədbiri kimlərinin barəsində seçilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

24 Fevral 2024

Sual: Ev dustaqlığı qətimkan tədbiri kimlərinin barəsində seçilə bilər?

Cavab: Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.
Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər.

Ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir.

Tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.

Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.

Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi, o cümlədən əlavə vəzifələrin müəyyən edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və ya tərəflərin vəsatəti əsasında yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov

Mənsurə Hümbətova