
Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar hansılardır ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar hansılardır?
Cavab: İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur.
İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov