
Əmək müqaviləsi olmadan işləmək hansı risklərə səbəb ola bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək müqaviləsi olmadan işləmək hansı risklərə səbəb ola bilər?
Cavab: Əmək müqaviləsi olmadan işləmək həm işçi, həm də işəgötürən üçün ciddi hüquqi risklər yaradır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən işçi ilə əmək müqaviləsi bağlamadan onu işlədərsə, bu, qanun pozuntusu hesab edilir və müəyyən sanksiyalar nəzərdə tutulur.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətləri yalnız yazılı əmək müqaviləsi bağlandıqdan sonra qanuni hesab edilir. Müqavilə olmadan işlətmə halları isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə tənzimlənir və işəgötürən üçün cərimələr nəzərdə tutur. Belə ki, inzibati xətalar məcəlləsinin 192-ci maddəsi Əmək qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyəti müəyyənləşdirmişdir və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə:
•fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə;
•vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə;
•hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Gülçin İsgəndərova