Əmək müqaviləsi bağlanarkən sınaq müddəti hansı müddətə müəyyən edilir? -

Əmək müqaviləsi bağlanarkən sınaq müddəti hansı müddətə müəyyən edilir? - HÜQUQ MƏSLƏHƏTİ

25 Oktyabr 2023

Sual: Əmək müqaviləsi bağlanarkən sınaq müddəti hansı müddətə müəyyən edilir və sınaq müddəti müəyyən edilməyən hallar hansılardır?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Əlavə olaraq qeyd edim ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Camal Sadiqov