"Dəmir yumruq" əməliyyatı

"Dəmir yumruq" əməliyyatı

20 Aprel 2024

Tarixin sərt sınaqlarından həmişə üzüağ çıxan, düşmənə baş əyməyən, yenilməzliyi ilə tanınan Azərbaycan dövləti uzun və tarixi inkişaf yolu keçmişdir. Düşmənə gözdağı olan xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, incəsənəti olduqca  zəngin və təkrarolunmazdır. Əlbəttə, rəngarəng, fərqli xüsusiyyətlərə malik bir ölkənin, xalqın bu qədər qısqanılması, hədəfə çevrilməsinin əsl səbəbləri də məhz bu inkişaf və tərəqqidir.  Uzun bir tarixi yol keçmiş dövlətimiz hər bir zaman öz sərkərdələri, xadimləri, liderləri ilə də  daima seçilib.
 
Zaman-zaman tarix Azərbaycan xalqının əbədi yaddaşında iz salacaq şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərdən biri Azərbaycan xalqının dünya şöhrətli lideri Heydər Əliyevin dövlətimizin quruculuğunda rolu, mövqeyi danılmazdır. Bu gün biz varıqsa, müstəqil bir ölkənin vətəndaşıyıqsa bunu biz Ulu öndərimizə  və Ali Baş Komandanımız  İlham Əliyevə   borcluyuq.
 
Biz tariximizin daha şanlı bir qəhrəmanlıq səhifəsini yazdıq.  Bu şanlı tariximizin əsasını təşkil edən  "Dəmir yumruq" əməliyyatı təkcə rəşadətli ordumuzun apardığı mübarizə deyil, eyni zamanda, Müzəffər Ali Baş Komandanın siyasi və diplomatik mübarizəsi dünya azərbaycanlılarının həmrəyliyinin və birliyinin nümayişi oldu. Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşərək  qələbəyə gedən yolumuzu təmin etdi.  
 
Azərbaycan əraziləri 30 ilə yaxın idi ki, işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı, tarixi torpaqlarımız ermənilər tərəfindən işğal edildi. Ermənilər unudurdular  ki, onların sahibləndikləri Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır və azərbaycanlılar bu torpaqlarına qayıdacaqlar. 
 
Bu illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər görüldü. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu.  Bütün dünyaya sübut olundu ki,  Qarabağ əzəli tarixi torpağımızdır və biz bu torpaqları heç kimə güzəştə getməyəcəyik. 
 
"Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir",-deyən Prezidentimiz  Azərbaycan xalqının torpaq sevgisini bir daha bəyan etdi.   28 il düşmən torpağında inləyən vətən torpaqlarımız öz sahiblərini gözləyirdi.
 
Nəhayət, o tarixi gün gəldi. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son hədd oldu. Elə buna görədir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin haqq savaşına başlamaq əmri  verməsi xalqımızın sevincinə  səbəb oldu. "Vətən bizi çağırır!" deyən minlərlə könüllü vətən övladı da döyüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Gəncindən, yaşlısından, qazisindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı torpaqlarımıza göz dikən erməni vandallarından qisas almaq üçün ordu sıralarına qoşulmaq istəyirdi.
 
Əlbəttə ki,  bu xəbəri alan kimi Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına başladı. Çünki bu xəbəri çoxdan gözləyirdik. Öz gücünə, qüvvəsinə inanan Azərbaycan Ordusu qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı,  əyilməzliyini, qətiyyətini bütün dünyaya bəyan etdi.
 
Ali Baş Komandanı İlham Əliyev haqlı olaraq bildirirdi: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar". 
 
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində deyirdi: "Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!".
 
Bəli, Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz  birmənalı olaraq təsdiq edildi.
 
Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun,  tarixi ədalət zəfər çalsın.  
 
44 gün davam edən və qələbə ilə başa çatan Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifəsi olaraq  tarixə qızıl hərflərlə yazıldı.  44 gün davam edən və 30 ilə bərabər tarix yazılan gün.  Tarixi yazan isə Ali Baş Komandan cənab İlham Əliyev və şanlı Azərbaycan Ordusu idi.
 
Döyüşü rəşadətli Azərbaycan əsgəri qazanıb. Şuşanın işğaldan azad edildiyi müjdəsini verərkən də Ali Baş Komandan böyük fəxrlə bunu dilə gətirmiş və Ordusunun fəaliyyətini yüksək qiymətləndirmişdi: "Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!".
 
Bəli, eşq olsun Azərbaycan əsgərinə. O əsgərə ki, qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı, can verdi. Son nəfəsində də ancaq Vətəninin azadlığını arzuladı. Bir çoxları üçün mümkünsüz olanı reallaşdırdı. Keçilməz deyilən sədləri keçdi, alınmaz deyilən qalaları aldı. Bəli, bunlar hamısı faktdır. Bəlkə də, gələcək nəsillər üçün əfsanə kimi görünəcək bu qəhrəmanlıqlara Azərbaycan xalqı canlı şahidlik etdi. Düşmənin hər mənfur cəhdindən sonra xalq da bilirdi ki, bunlar düşmənin son çırpınışlarıdı. Hətta düşmənlə üz-üzə qalmış ərazilərdə belə insanlar  yerindən tərpənmir və düşmənin heç bir hücumundan çəkinmədiyini bəyan edirdi. O günlərdə hər bir azərbaycanlının dilində sadəcə bir söz var idi: "Vətən sağ olsun!", "Təki əsgərimizə heç nə olmasın".
 
Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Vətən müharibəsində dövlətimiz və Ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir.
 
Beləliklə, 44 günlük müharibə  böyük bir dərs və dastan oldu. Əsas məqsəd vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqlarımız danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad olundu. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi Azərbaycanın Şanlı Ordusu. Şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən onların intiqamı elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində qısa vaxt ərzində qələbə qazandıq. İmzalanan bəyanatda da düşmən məğlubiyyətini etiraf etdi.
 
44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti oldu. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Müharibə dövründə düşmən tərəf dəfələrlə məkrli planlara əl atsa da ordumuz geri durmadı. Yalnız irəli getdi. Düşmənin öz silah sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, fəxarət rəmzidir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Bundan başqa cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərib. 
 
Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı çəsarətlə yerinə yetirdi.
 
Bu müharibədə qələbə qazandıq, amma şəhidlər verərək. Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Türk şairi Mithat Cemal Kuntay bunu necə dolğun ifadə edib:
 

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

 
Biz bunu bütün dünyaya sübut etdik. 
 
Bir fakta toxunmaq yerinə düşər. 8 noyabr 2020-ci il. Bu tarix Azərbaycan tarixinə  qızıl  hərflərlə yazıldı. Çünki bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycanın qeyrət qalası, mədəniyyət beşiyi, dilbər guşəmiz olan Şuşanın işğaldan azad edildiyini bəyan etdi. Bu Azərbaycan əsgərinin şanlı qələbəsi idi.  Ölkə Prezidenti İlham Əliyevin başçılığı altında Azərbaycan əsgərinin tarixi qələbəsi idi. Azərbaycan əsgəri tarixdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirdi.  Qanları, canları bahasına olsa da Şuşanı bizə qaytardılar. Doğma Şuşada üçrəngli  bayragımız dalğalandı. 
 
Bu sevinci bizlərə yaşadan məğrur Azərbaycan əsgəri, Ali Baş Komandan İlham Əliyev idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini yada salaq: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq"!
 
İlham Əliyev hər çıxışında Azərbaycan əsgərindən bəhs edir,  şücaətini bütün dünyaya bəyan edirdi. 
 
Prezident İlham Əliyevin 26 fevral 2021-ci ildə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında  dediyi kimi: "Azərbaycanın xüsusi təyinatlılarının  və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik". 
 
Yastığı vətən daşı, yorğanı qar olan Azərbaycan əsgəri torpaqlarımızı azad etdi.  Qorxmadan, çəkinmədən, düşmənə meydan oxuyaraq qələbəni təmin etdi. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.
 
10 noyabr 2020 -ci il. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında xalqa verdiyi müjdəli Qələbə xəbəri bütün Azərbaycanı ayağa qaldırdı.  
 
Beləliklə, Ali Baş Komandanın əmri ilə "Dəmir yumruq" əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan, Zəfər yürüşünə başlayan Azərbaycan Silahlı Qüvvələri qələbə qazandı.  "Dəmir yumruq" əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
 
Bu əməliyyata ona görə   "Dəmir yumruq" adı verilib ki,  Prezidentimiz  xalqa müraciətlər zamanı deyilirdi ki, "qarşı tərəf işğal olunmuş əraziləri tərk etməsə "dəmir yumruq" "onun başını əzəcək". Bu əməliyyat beləcə tarixə "Dəmir yumruq" adı ilə düşdü. 
 
Bu əməliyyatdan bəhs edən İlham Əliyev  qeyd edirdi ki: "Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi "dəmir yumruq" əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir". 
 
Bəli, biz "dəmir yumruğun", varlığına, gücünə şahid olduq. Ermənilərin başını əzərək torpaqlarımızı bizlərə qaytardı. Ali Baş Komandanımızın da həmişə qürurla dediyi kimi: "biz dəmir  yumruqla  erməni faşizminin başını əzdik, belini qırdıq". Beləcə "dəmir yumruq" qətiyyət, güc və həmrəylik simvoluna çevrildi.  İlham Əliyev qətiyyəti,  xalqın öz rəhbərinə inamı,  xalqımızın həmrəyliyi "dəmir yumruq" un rəmzi mənasına çevrildi. 
 
Düşmənin belini sındıran, düşməni məğlub edən "dəmir yumruq"! Bir daha ermənilər  baş qaldırarsa, "dəmir yumruq" onların başını əzəcək.  
 
Qalib xalqın qalib lideri- İlham Əliyevin dediyi kimi:"dəmir yumruq" bu gün də yerindədir!
 
Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Fəxriyyə CƏFƏROVA

Ələkbər CABBARLI