Cabbar Musayev Tumbul kəndində vətəndaşları qəbul edib - FOTO
Martın 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçirilən qəbulda vətəndaşlarla yanaşı Naxçıvan Şəhər İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər.
Qəbula başlamazdan əvvəl Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görülməsini vətəndaşların diqqətinə çatdırıb.
Eyni zamanda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Cabbar Musayev ölkəmizdə həyata keçirilən quruculuq işlərindən bəhs edib, martın 5-də ölkə başçısı Prezident Cənab İlham Əliyevin Türkiyəyə etdiyi rəsmi səfəri zamanı İğdır – Naxçıvan qaz kəmərinin açılışının Naxçıvan Muxtar Respublikasının inkişafı üçün mühüm addım olduğunu vurğuladı.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən yolların asfaltlanmasından, mərasim evinin tikilməsi üçün köməklik göstərilməsindən, müvafiq iş yerləri ilə təmin olunmalarından, sökülmüş obyektlərinin əvəzində torpaq sahəsinin verilməsindən, arx suyunun yaşadığı evinə ziyan vurmasından, sahibkarlıq obyektlərinin açılmasından, və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri ilə bağlı müvafiq izahatlar verilib və araşdırılması üçün nəzarətə götürülməsi tapşırılıb.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə vətəndaş qəbulu keçirilməsi nəzərdə tutulub.
Vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.