Azərbaycanın Ermənistana qarşı iddialarına Beynəlxalq Ədalət Məhkəməsində baxılması Bolqarıstan mətbuatında işıqlandırılıb

Azərbaycanın Ermənistana qarşı iddialarına Beynəlxalq Ədalət Məhkəməsində baxılması Bolqarıstan mətbuatında işıqlandırılıb

15 May 2024

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların hüquqi əsasları Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məlumatlarda Azərbaycanın BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu ciddi şəkildə əsaslandırdığı, Ermənistanın 30 illik hərbi işğalı zamanı ayrıseçkiliyin təzahürü olaraq, bütün mülki binaların, xəstəxanaların, məktəblərin, mədəniyyət və tarixi abidələrin, dini ocaq və qəbiristanlıqların tamamilə dağıdıldığı və Azərbaycana 50 milyard ABŞ dollardan artıq ziyan vurulduğu oxucuların diqqətinə çatdırılıb.

Bolqarıstan mətbuatında həmçinin Ermənistan tərəfindən işğal altında olmuş torpaqlarda Azərbaycan toponim adlarının dəyişdirilməsi yolu ilə onların etnik mənsubiyyətinə dair izlərin məhv olunması siyasətinin həyata keçirildiyi qeyd olunub.  

Eyni zamanda işğal dövründə Ermənistanın Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni  istismar etdiyi və ətraf mühitə ciddi ziyan vurduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın azərbaycanlılara qarşı irqçi təbliğat apararaq etnik ədavəti alovlandırdığı və təhsil müəssisələrində, habelə ictimai və sosial mediada antiazərbaycan nifaq ritorikasını təşviq etdiyi bildirilib.