Azərbaycan İƏT-in gənc diplomatlar forumunda iştirak edir
Rusiyanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə qarşılıqlı fəaliyyəti bütün istiqamətlər üzrə mütərəqqi inkişaf edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənc diplomatlarının VIII forumunda iştirakçıları salamlayaraq deyib. Tədbir Tatarıstanda keçirilən “Rusiya - İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunub.
Nazir qeyd edib ki, Rusiya ənənəvi olaraq müsəlman ölkələri ilə səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətləri dəstəkləyir.
“Bundan sonra da İƏT ilə birgə dinlərarası və mədəniyyətlərarası dialoqa kömək etməyə, bütün dünyəvi dinlər üçün mənəvi-əxlaqi dəyərləri müdafiə etməyə, islamofobiya, xristianofobiya, rusofobiya və irqi, etnomədəni ayrı-seçkiliyin digər formaları ilə mübarizə aparmağa hazırıq”, - deyə Lavrov bildirib.
Forumda İƏT üzvü olan 20 ölkədən, o cümlədən Azərbaycandan gənc diplomatlar iştirak edir.
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov forum iştirakçıları ilə görüşdə beynəlxalq əlaqələrin qurulmasında respublikanın təcrübəsindən danışıb. O qeyd edib ki, Tatarıstan ilə İslam dünyası, o cümlədən İƏT-ə üzv ölkələr arasında əmtəə dövriyyəsi və təmasların sayı ildən-ilə artır.