AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilir

AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilir

22 May 2024

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyində fəaliyyət göstərən Ümum-Rusiya Bitki Karantini Mərkəzinin (FGBU VNİİKR) nümayəndələri ilə görüş keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, görüşdə AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev İnstitutun laboratoriyalarının maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ətraflı məlumat verib.

Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki həmin laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğurlar əldə edib.

FGBU VNİİKR-in direktor müavini Konstantin Kornev iki ölkənin müvafiq qurumları arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu, eyni zamanda, əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra görüşdə AQTİ və FGBU VNİİKR arasında 2021-ci ildə bağlanmış Anlaşma Memorandumuna əlavə sənəd kimi imzalanması nəzərdə tutulan “2024-2026-cı illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planı” müzakirə olunub, təkliflər irəli sürülüb.

Sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinə, Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçiriblər. Qonaqlara həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət yönəldilib. Həmçinin müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla aparıldığı vurğulanıb.

Eyni zamanda AQTİ-nin bu yaxınlarda fəaliyyətə başlayan Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası haqqında məlumat verilib. Laboratoriyanın bilavasitə xəstəlik ocağında qısa müddətdə quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verdiyi qeyd olunub.