Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndici tədbir keçirib - FOTO
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində gənclər arasında ailənin möhkəmləndirilməsi məqsədilə erkən və qohum nikahlarının mənfi nəticələrinə dair maarifləndirmə istiqamətləri müzakirə edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin istiqamətləri: reallıqlar və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa ətrafında tədbir keçirilib. Muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyətləri orqanları və digər dövlət qurumlarının məsul şəxslərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında 2020-ci il 23 iyun tarixli Qərarına uyğun olaraq Komitə tərəfindən müvafiq qurumlarla birlikdə maarifləndirmə tədbirləri təşkil olunub. Gənclər arasında maarifləndirmə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Gənclər siyasəti haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Maarifləndirmə işində əsas diqqət insan hüquqlarına və azadlıqlarına hörmət edilməsinə, ayrı-seçkiliyə yol verilməməsinə, şəxsi və ailə həyatı sirrinin qorunması məqsədilə konfidensiallığa riayət edilməsinə, ailə dəyərlərinin milli və ümumbəşəri prinsiplər əsasında təbliğinə, erkən nikahın və qohumlar arasında nikahın fəsadlarının elmi cəhətdən əsaslandırılmasına, dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının və media subyektlərinin qarşılıqlı əməkdaşlığına, maarifləndirilən şəxslərin yaş və cins xüsusiyyətləri nəzərə alınmaqla maarifləndirmənin ünvanlı keçirilməsinə, beynəlxalq əməkdaşlığın və təcrübənin nəzərə alınması prinsiplərinə yönəldilib. Maarifləndirmənin əsas istiqamətləri isə gənclər arasında ailə dəyərlərinin və sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi, onların səbəblərinin təhlili və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması, gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsidir.
Ramilə Seyidova onu da əlavə edib ki, Qərara uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları gənclər arasında maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatları hər ilin 20 dekabr tarixinədək Komitəyə təqdim etməli və özlərinin rəsmi internet saytlarında yerləşdirməlidirlər. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də müvafiq orqanlardan (qurumlardan) daxil olan məlumatları ümumiləşdirir və hər növbəti il yanvarın sonunadək özünün rəsmi internet saytında dərc edir və bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verir. Komitə sədri 2023-cü il ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı ətrfalı məlumat verərək bildirib ki, bundan sonra da aid təşkilatlar gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlərin həyata keçirilməsini, əhali arasında maarifləndirmə işinin əhatə dairəsini və səmərəliliyini artırmalı, görülmüş işlərlə bağlı dolğun hesabatlılığın təmin olunmasına çalışmalıdırlar.
Muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyətləri orqanları və digər dövlət qurumlarının məsul şəxslərinin iştirak etdiyi tədbir mövzu ilə bağlı dəyirmi masa ətrafında müzakirələrlə davam edib. Müzakirələrdə Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin aparat rəhbərləri, Şərur, Ordubad, Sədərək Rayon İcra Hakimiyyəti başçılarının müavinləri tərəfindən gənclər arasında maarifləndirmə işinin aparılmasında mövcud çatışmazlıqların aradan qaldırılması, həmçinin görüləcək işlərlə bağlı təkliflər səsləndirilib və geniş fikir mübadiləsi aparılıb.
Mənsurə Hümbətova