15 May Beynəlxalq Ailə günüdür
SAĞLAM AİLƏ DÖVLƏTİN DÖVLƏTİN MÖHKƏMLİYİDİR
Aliə mənsub olduğu millətin timsalıdır, milləti səciyyələndirən bir örnəkdir. Deməli hər şey ailədən başlanır və ailə toplumun milli rifahın əsasını qoyur. Istər xalqın, istərsə də dövlətin var oluşunun ilk təməli ailədə atılır. ən böyük məsuliyət elə bu kiçik dövlətin üzərinə düşür. Bəzi pedoqoqlara görə ailə və dövlət gələcək nəslin təlim tərbiyəsi ilə ən yaxın əlaqəsi olan iki ən vacib amildir. Dövlət böyüyən nəslin təlim-tərbiyəsini dolayısı ilə, yəni məktəblər vasitəsilə formalaşdırır, ailə isə bu vəzifəni birbaşa icra edər.
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinin ailə siyasəti olduğu nəzərə alınaraq, mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir, müvafiq sahədə əlamətdar günlər ailələrlə birgə xüsusi qeyd edilir.
Klassik mənada ailə nikah, qohumluq, ümumi maraq və büdcə ilə bağlı olan, qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik sosial qrupdur. Ailə ən qədim sosial institut olaraq, dindən, dövlətdən, ordudan, elmdən, hətta, bazar münasibətlərindən əvvəl meydana gəlib. Mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailədə şəxsi maraqların tənzimlənməsi və nizamlanması cəmiyyət tərəfindən qəbul edilmiş əsas sosial dəyərlər, normalar çərçivəsində baş verir. Bu prosesin yekun nəticəsi olaraq, ailə cəmiyyət üçün davranış və konkret sosial xarakter daşıyan düşüncəsi ilə yararlı olan insanlar yetişdirir. Məhz, bu xüsusiyyətinə görə, insan ailəsi heyvan ailəsindən fərqlənir. Yəni, ilk növbədə, əsas qəbul edilməli fakt ondan ibarətdir ki, ailədə insan, eyni zamanda, vətəndaş doğulur.
Uşaq ilk tərbiyəsini ata ocağında, ana qucağında bu təməl sağlam əsaslara dayanmalıdır. Sağlam təməl və tərbiyədən məhrum olan uşaq və gənc həyat mübarizəsindən daim məğlub olar, yolunu düzgün müəyyənləşdirə bilməz.
Uşaq ata-ananın əmanətdir, Vətən əmanəti. Uşaq qəlbi və zehni təmiz torpağa bənzər. Bu torpağa sağlam toxum səpsən bərəkət, şürük toxum səpsən fəlakət biçərsən. Ailə yuvası bir fəzilət məktəbi olmalıdır. Uşaq burada əxlaqi fəzilətlərin hər gün daha parlaq nümunəsini görə bilməlidir. Ata və ana hər şeydən əvvəl uşaqların fiziki tərbiyəsinin, zehni düşüncələrinin inkişaf etməsinə çalışmalı, onların sağlam düşüncəli, milli mənəvi və əxlaqi dəyərlərə hörmətlə yanaşan ailəsinə və millətinə layiq bir gənc kimi yetişmələri üçün birgə səy göstərməlidirlər.
Uzun əsrlər boyu türk millətini ayaqda saxlayan, əxlaqi fəzilətləri ilə bir şox xalqlara örnək qılan məhz onun sağlam ailə təməlinə sahib olmasıdır. Qədim türklər doğulmuş hər bir uşağın fiziki tərbiyəsinə böyük önəm verir, oğlan uğaqlarını lap kiçik yaşlarından əsgər kimi tərbiyə edirmişlər. Üç yaşından başlanan təlim on səkkiz yaşına kimi başa çatmalı idi. Övladını qəhrəman bir əsgər kimi böyütmək hər bir ailənin qeyd-şərtsiz borcu olub. Savaş bacarığı və şücaət ailənin şərəf, namus etolonu sayılırdı. Mənəvi tərbiyə də fiziki tərbiyə ilə eyni səviyyədə aparılırmış. Vətənə sonsuz məhəbbət, adət-ənənələrə sözsüz əməl etmək, özündən böyüklərə tabeçilik, kiçiklərə kömək etmək. Yüksək və qüsursuz davranış qaydalarını mənimsətmək hər bir ailənin üsulu, dövləti qarşısında borcu olub.
Türklərin bu mənəvi keyfiyyətlərini yüksək qiymətləndirən bir əcnəbi yazır: “Ata nüfuzu bizdəkindən daha qüvvətli olduğu üçün, oğullar səbəbi-həyatlarına qarşı həmişə eyni şəkildə hərəkət edərlər. Çox erkəndən o qədər dərin bir hörmətə alışırlar ki, kənardan görən bir şəxs onları evin nökərləri saya bilərlər. Oğullar ata-babalarının hüzurunda sükut içində dayanıb əmirlərini gözləyirlər ” .
Göründüyü kimi ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan şəxsiyyətin formalaşmasında əsas vasitə idi. Görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi heç də təsadüfi olmayaraq ailəni uşağın ilk təmasda olduğu ictimai mühit adlandırmışdır.
Uşaqlara ictimai borcu, vətəndaşlıq vəzifəsini şüurlu mənimsətmək, ictimai mənafeyin pozulması hallarına qarşı mübariz ruhda cəmiyyətə təhvil vermək valideyinin vətəndaşlıq borcuna sadiq qalması ilə şərtlənir, onun özünün cəmiyyətə münasibətini, cəmiyyətdə tutduğu mövqeyi müəyyənləşdirir. Təbii ki, milli şüura malik, dünyagörüşü böyük olan valideyin lap kiçik yaşlarından öz övladlarına vətənpərvərlik hissi aşılamalı, onun öz Vətənini, yurd-yuvasını sevməsi üçün bütün üsullardan istifadə etməlidir.
Ailə bu yöndə məktəbin bir yardımçısı olmalıdır. Çünki valideyin uşağın qəlbini daha yaxından, daha yaxşı anlayar. Mənəvi təmizliyin, əqidə və inamın, Vətən sevgisinin ilk köklərini onun saf və təmiz zehnində inkişaf etdirmək yollarını daha gözəl bilir, ona anlayacağı dildə hər şeyə dair doğru və əsaslı məlumatı verə bilərlər.
Təssüf hissi ilə qeyd etməliyəm ki, ata və ya ana qayğısından, sevgisindən, onun tərbiyəsindən uzaq düşmüş uşaqların gələcək taleyini müsbət yöndə həll etmək müşkül məsələdir. Adət-ənənələrin gündəlik yaşayış tərzindən çıxdaş edilməsi sonda ailələrin dağılmasına gətirib çıxarır. Bu prosses azda olsa Azərbaycanda da müşahidə olunmaqdadır. Əlbəttə, Azərbaycan qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər göz önünə alınmaması sonda xoşagəlməz halların baş verməsinə gətirib şıxara bilir. Bu hallar isə, ilk növbədə, ailələrə təsir göstərir.
Ekspertləin fikrincə, ər-arvad arasında yaranan konflikt yalnız nigahın pozulması ilə bitmir. Nəticədə bu prosesin davamı olaraq nigahı pozulmuş valideynlər öz valideynləri, övladları və nəhayət, dövlət qarşısında yeni problemlər yaratmış olurlar. Ailələrdə yaranan konflikt yalnız ailə başçılarının deyil, uşaqların da psixoloji vəziyyətinə mənfi təsir göstərir: “Nikahı pozan zaman mütləq uşaqların marağına fikir və üstünlük verilməlidir. Hər bir gənc belə bir həqiqəti bilməlidir ki, ata və ana olmaq nə qədər asandırsa, atalıq və analıq etmək bir o qədər də çətindir. Valideyn məsuliyyəti yalnız məhəbbətdən deyil, uşaqların qayğısına qalmaq, onları düzgün tərbiyə etmək, tibbi, gigiyenik qaydaları bilməkdən də ibarətdir. Dünyaya göz açan körpə əsas həyati dəyərləri, əxlaqi normaları, adət-ənənələri, davranışı, cəmiyyətdə özünü apara bilmə qabiliyyətini məhz, ailədə alır. Ailədə yaranan mühit uşağın individuallığına, onu əhatə edən insanlara qarşı münasibətə də təsir edir. Ailə başçıları ailəni maddi cəhətdən təmin etməklə yanaşı, səlahiyyətlərini düzgün bölüşdürməli, uşaqların tərbiyəsində, böyüməsində həmrəyliyin yaranmasına çalışmalıdırlar. Körpə dünyaya göz açdığı ilk gündən dərk etməlidir ki, onun valideynləri vahid ailənin tamhüquqlu üzvüdür. Nikahın pozulması problemi əhali artımının azalmasına səbəb olur və dövlətin gələcək inkişafına mane olan əlavə problemlər də yaradır.
Azərbaycanda bu məsələləri diqqətə saxlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. Bu istiqamətdə “Beynəlxalq Ailə Günü” ərəfəsində Dövlət Komitəsi tərəfindən ölkəmizdə silsilə tədbirlər və yekun olaraq “Ailə Bayramı” təntənə ilə qeyd edilir. “Ailə Bayramı”nın keçirilməsinin məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi; ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi; gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması; gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi; gənclərin ailə həyatına hazırlığı; çoxsaylı xalqları, etnik qrupları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi; ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği; sağlam həyat tərzinin təbliği; nümunəvi çoxuşaqlı ailələrin təbliği; sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğidir.
Türk yazarı Ş. Güntay yazır: “ övladlarına lazım olan təlim –tərbiyəni verməyən millətlər özlərinin əbədi bir bədbəxtliyə məhkum etmiş, nəsillərini çöküş və səfalətin qucağına atmış olarlar...məmləkətin gələcək səadətini sağlam və əmin əsaslara dayandırmaq üçün sabahkı xəlifələri yaşayacağı mühitə görə tərbiyə etmək vacibdir. Əsaslı tərbiyə vermədiyimiz bir varislər atılacaqları həyat mübarizəsində asanlıqla məğlub olaraq, buraxacağımız milli sərvətləri də məhv etməyəcəklərmi? ”
Insan anadan olduğu gündən ömrünün sonuna kimi bir çox tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Ona görə də valideyinlər uşağı ilk aylardan elə tərbiyə etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəyə ehtiyacı qalmasın. Cəmiyyət üçün ağır bir yükə çevrilməsin. Bünün üçün də övladımızın təilm-tərbiyəsi bu gün hər bir azərbaycanlı ailəsinin qarşısında duran ən vacib məsələ olamlıdır. Çünki sağlam ailə, sağlam dövlətin təməlidir.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı