Xatirələrdə yaşayacaq qəhrəman - Elcan

Xatirələrdə yaşayacaq qəhrəman - Elcan

13 Mart 2024

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Azərbaycan qəhrəman övladlarının öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Onun bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır. Bunun əməli nəticəsidir ki, bu günədək Qarabağın hətta de-yure Azərbaycan torpağı olmasını dilə gətirmək istəməyən həmin qüvvələr indi Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycan torpağı olduğunu bəyan edirlər.

Lakin dövlət olaraq, xalq olaraq bu günlərə asanlıqla gəlmədik. Müstəqilliyimiz uğrunda necə canlar fəda oldusa, vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə yüzlərlə qəhrəman qardaşımız canlarından keçdilər. Haqq savaşına qalxan Azərbaycan xalqının mərd oğulları ali baş komandanın idarəçiliyi ilə son yeni bir tarix yazdı.

Ordumuzun 2023-cü ilin sentyabrında yüksək peşəkarlıqla həyata keçirdiyi lokal antiterror tədbirləri otuz il Ermənistanın himayə etdiyi qondarma rejimin, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş Qarabağın etnik erməni əsilli azlıqlarının da xilasına, onların ölkəmizin digər etnik azlıqları kimi tam hüquqlu vətəndaşlar olaraq dinc, sülh və təhlükəsiz şəkildə azad həyata qovuşmasına, reinteqrasiyasına da xidmət edir, onların yolunu aydınladır. Bu son döyüşdə igidlərimiz düşmən başına endirdiyi dəmir yumruqla 44 günlük Vətən müharibəsindən sonra Qarabağda qalmış terroristlərin kökünü qurutdu.

Məhz o tarix yazanlar,  adları məzar daşları ilə bərabər milyonların da qəlbinə həkk olanlar bizə qələbə bəxş etdilər. Onların sayəsində biz xalq olaraq son iki əsr ərzində ilk dəfə qələbə çalmış olduq. Biz onların sayəsində tarixi ədaləti bərpa etdik. Öz balalarını yetim, ailələrini gözüyaşlı qoyanlar, muradına yetməyənlər xalqın övladlarının firavan, gülərüz, xoşbəxt və azad olmaları üçün canlarından,  qanlarından keçdilər. Onlar şəhadət zirvəsinə ucaldılar.

"Nur üzlü şəhidim". Mənə elə gəlir ki, bu ifadə yalnız bizlərə məxsusdur. İstər birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində və antiterror əməliyatında şəhid olan hər bir azərbaycanlının üzündə xüsusi bir təbəssüm, fərqli bir gülüş, məğrur duruş, qartal baxış və nur var. Nur içində yatmağa hazırlaşanların üzündə də nur varmış. Elə onun da…
12 mart tarixində ad gününü ilk dəfə onsuz qeyd etdiyimiz Balabəyli Elcan da qəhrəmanlığı ilə tarixə düşən vətən övladıdır.
Elcanın ad günündə onun şanına yaraşan tədbir keçirilib, ehsan süfrəsi açıldı. Qəhrəmanımızın ailəsini ziyarət edib vətənə igid övlad yetişdirən valideyinləri və qardaşıyla həmsöhbət olduq.

Şəhid Kapitan Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Evin ilk övladı olan Elcan 1998-ci ildə Naxçıvan şəhər Mirəsgər Seyidov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub.

Səkinə ana deyir:" Oğlum uşaqlıqdan sakit təbiətli olub. Heç kimlə dalaşmazdı. Dostcanlı və mehriban idi. Dərslərini də yaxşı oxuyurdu. Onun bu üstün keyfiyyətlərinə görə məktəbli yoldaşları və müəllimləri tərəfindən çox sevilirdi. Oğlumun məktəbdən qayıdışını həmişə evinizin pəncərəsindən izləyirdim. Hər dəfə də məni görən kimi gülə-gülə əlini qaldırıb 5 rəqəmini işarə edərdi. "Yenə beş almışam ana" deyər kimi. Heç unutmaram bir dəfə yenə pəncərədən onun evə qayıdışını izləyirdim. Yaxınlaşanda kefsiz olduğunu gördüm. Səbəbini soruşanda "Ana bu gün dörd almışam" dedi. Çox məsuliyyəti uşaq idi. Dərslərinə ciddi fikir verirdi".

Söhbətimizə qoşulan qəhrəmanın qardaşı Elçin Elcanın 2007-ci ildə orta məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirdiyini bildirdi. " Qardaşım 2007-2010-cu illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığı illərdə də əlaçı idi. 2010-cu ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olanda Azərbaycan Respublikası üzrə ən yüksək bal toplayan ikinci, Naxçıvanda isə ən yüksək bal toplayan birinci kursant olmuşdu".

2014-cü ildə həmin ali hərbi məktəbi hava hücumundan müdafiə ixtisası üzrə başa vuraraq leytenant hərbi rütbəsi alan Elcan 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında nümunəvi zabit kimi xidmət edib. 2017-ci ildə baş leytenant, 2021-ci ildə isə kapitan hərbi rütbəsi alıb. Döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom və fəxri fərmanlarla təltif edilib.

Elcan 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi Yubiley" medalı ilə təltif edilib.

2021-ci ildə isə "Qüsursuz xidmətlərə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. 27 sentyabr 2020-ci ildə başlanan vətən müharibəsinə qatılmış, 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində düşmənə hücum zamanı düşmən artilleriyasının atəşi nəticəsində qəlpə yarası almışdır. Müalicəsi tamamlanmamış həkimlərin təkidinə baxmayaraq öz istəyi ilə yenidən döyüşlərə geri qayıtmış, Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə, 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 24 iyun 2021-ci il tarixli sərəncamları ilə "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə isə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib. Bundan başqa Elcan 2016-cı ilin aprel döyüşlərində, 2022-ci ilin qisas əməliyyatında fəal döyüşçü kimi iştirak edib.

Qəhrəmanımızın son döyüşü 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror əməliyyatları zamanı olur. Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin snayper atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir Elcan.

Qəhrəman şəhidimiz 20 sentyabr 2023-cü il tarixində doğulduğu Naxçıvan şəhərində böyük bir izdihamla uğrunda canını fəda etdiyi torpağa tapşırıldı.

Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli sərəncamları ilə Kapitan Balabəyli Elcan Vasif oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "İgidliyə görə" medalı ilə təltif edildi.

Elcanın vətənpərvərliyindən, keçdiyi döyüş döyüş yolundan yazmağa çalışsaq bir kitab olar.

Şəhidimizin ailəsi ilə söhbətimiz zamanı onun foto albomlarını vərəqlədikcə, uşaqlıq dövründən son foto şəkillərinə qədər nəzər yetirdikcə, atası Vasif bəyin övladı haqqında dediklərini dinlədikcə belə bir vətən övladını tanımaqdan şərəf duyduq.
Şəhidin iştirak etdiyi döyüşlərdə zamanı olduqca mobil telefonunun yaddaşına köçürdüyü qıssa videoları izləyəndə özünün dediyi kimi sanki şəhid olacağını əvvəlcədən bilirdi. 2023-cü ilin 18 sentyabrında son dəfə video çəkərkən dediklərini oxucularımızla da bölüşmək istərdim:" Sabah, İnşallah Ağdərə, Xocalı, Xankəndi və digər torpaqlarımızda yığılmış erməni terorristlərini çıxaracağıq. Sizə söz veririk. Ağdərə şəhərinin azad olunması ilə bağlı cənab Ali Baş Komandanımıza mən məruzə edəcəyəm. Əgər bu mənə qismət olmasa, şəhid olsam gələcəkdə bu yerlərdə gəzib-dolaşanda, çay içəndə biz şəhidləri unutmayın!"
Elcanlar məqsədlərinə nail oldular, düşməni torpaqlarımızdan çıxardılar. Canları, qanları bahasına bunu etdilər. Mükafatları da ən ali məqam şəhidlik məqamı və xalqın qəlbində əbədi yaşarlıq oldu.
Düzdür övladını vaxtsız itirən valideyinə onun haqqında danışmaq, xatirələrini bölüşmək çətindir. Lakin bir o qədər də fəxarətlidir.

Səkinə ana bizə daha bir video göstərdi. Elcan 44 günlük Vətən müharibəsindən sonra Naxçıvan şəhərinə gəlmiş, burdakı şəhidlərimizin məzarlarını ziyarət edərkən cəkilmiş video. Təsirli bir məqam idi. Çünki bir neçə il sonra Elcan da o qardaşlarının yanında dəfn edilmişdi. 2021- çi ildə ailə həyatı qurmuş qəhrəmanımızdan ailəsinə yadigar bir övlad qalmadı lakin onun vətəni və xalqı qarşısında etdiyi xidmətləri, göstərdiyi şücaəti və sonsuz məhəbbəti qaldı.
Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycanın kapitan Balabəyli Elcan kimi zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. 

Ruhun şad, mövlud günün mübarək olsun Elcan qardaş!

Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü