
Naxçıvanda aşkar olunan hərbi sursatlar zərərsizləşdirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə polis əməkdaşları tərəfindən məlumatlar daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerlərinə cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra ərazilərə baxış keçirilib.
Baxış zamanı aşkar edilən sursatların 1 ədəd 76 mm-lik BR-350 və 1 ədəd 85 mm-lik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 mm-lik mərmisi, 23 ədəd 5.45 mm-lik mərmi, 29 ədəd AKM-74 silahının 7.62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olduğu müəyyən edilib.
Aşkar olunan sursatlar pirotexniklər tərəfindən təhlükəsiz şəkildə götürülərək zərərsizləşdirilməsi üçün kənarlaşdırılıb.