
Müasir çağırışlar və ana dilimizin saflığının qorunması problemi
Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amildir. Buna görə də zamanın ən müxtəlif çağlarında ana dilimizə qarşı təhdideci çıxışlara qarşı vətəndaşlıq mövqeyi milli qeyrət və əzm nümunəsi göstərmək tələb olunur. Müasir dünyanın aktual olan çağırışları sırasında ana dilimizin – Azərbaycan dilinin saflığını qorumaq vəzifəsi ümumxalq vəzifəsidir. Çünki ana dilimiz milli sərvətimiz, keçmişimizi və gələcəyimizi bu günümüzlə əlaqəndirən, bütün dünyadakı vətəndaşlarımızı bir vətən, bir dövlət idealında birləşdirən ali, müqəddəs dəyərimizdir.
Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin siyasətində ana dili həmişə başlıca yer tutmuş, Azərbaycan dilinin dövlət dili qazanmasından tutmuş onun inkişafı üçün yaradılan bütün imkanlar məhz bu böyük şəxsiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev demişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Məlumdur ki, bütün dövrlərdə ana dilimizə müxtəlif dillərin, ictimai-siyasi təhdidlərin təsirləri olmuşdur. Nə etməli ki, hətta elə bir dövr olmuşdur ki, böyük fikir və yaradıcı adamlarımız “türkcə düşünüb farsca və ya ərəbcə yazmaq məcburiyyətində olmuşlar”. Yad təhdidlərə qarşı bir tərəfdən ana dilimizn özünün daxili imkanları, möhkəm dil quruluşu müqavimət göstərə, varlığını və saflığını mühafizə edə bilibsə, digər tərəfdən də xalqımız və onun vətənpərvər insanları milli qeyrət əzmi ilə ana dilimizi öz xəlqiliyi, milliyilə yaşatmış və inkişaf etdrmişlər. Orta əsrlər dövründə ana dilimizə ərəb və fars dillərinin təsiri daha çox özünü nümayiş etdirmişdir. İctimai-siyasi, dini, elmi və ədəbi səbəblər üzündən ana dilimizə ərəb-fars dillərinin təsiri və bu dillərdən daxilolmalar heç də az olmamışdır. Lakin bizim qüdrətli və vətənpərvər simalarımız ana dilimizin zəngin imkanlarından ən maksimum səviyyədə yararlanmaqla dilimizin saflığını qorumasına və korlanmasına qarşı mübarizə aparmışlar. Bilirik ki, “Kitabi-Dədə Qorqud” dastanı ana dilimizdə yaradılmış qiymətli bir ədəbi abidədir. Bu abidə xalqımızın “ana abidəsi”, “əxlaq və etika kitabı” adlandırılmışdır. Həsənoğludan başlayaraq böyük söz sənətkarlarımız İmadəddin Qazi Bürhanəddin, Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və başqaları şirin-şəkər Azərbaycan dilində yazıb-yaradaraq ədəbi dilimizi yaşatmağa və inkişaf etdirməyə nail olmuşlar. Hətta Şah babamız Xətayi özünün gözəl, nəcib, humanist məzmunlu xalq şeiri tərzində yazılmış əsərləri ilə ana dilimizi inkişaf etdirdiyi kimi, rəsmi dövlətçilik işlərini də ana dilində aparmaqla ona dövlət dili qazandırmağa və inkişaf etdirməyə müvəffəq ola bilmişdir. Böyük dövlət xadimi Xətayi öz vəsiyyətində yeni nəsillərə müraciət edərək deyirdi: “Ömrün son günlərini yaşayıram... Sizin üçün bu az ömrümdə əlimdən gələni elədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahiratdan üstün bildim. Hər ikisinin - Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa, onu elədim. Yaxşı nə başladımsa, onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!..
Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz - can sizin, can onlar əmanəti!”
Həmçinin XV-XVI əsrlərdə yaşayıb-yaratmış Bayrək Quşçuoğlu adlı qiymətli şairimiz özünün sadə, anlaşıqlı şeirlərilə yazılı dilimizin xalq dili ilə həmahəngləşməsidə çox böyük rol oynamışdır. Onun şeirləri türk dilinin şeir-sənət dili olduğuna bayraq qaldırırdı. Hətta başqalarından bu böyük şairi fərqləndirən bir cəhət də var idi ki, o, türk dilinə daha böyük məhəbbət bəsləyir, onu hətta təkcə şeir-sənət dili olaraq deyil, Allahla bəndənin arasında danışılacaq ən müqəddəs dil olaraq da təqdim edirdi. Şair qətiyyətlə çıxış edirdi ki, türk dili Allahla insanın əhd-peyman dilidir. Yaradıcılığında ana dilinə üstünlük verən Quşçuoğlu deyirdi:
Əgər türki söylər olsam, düşər ərənlər beyninə,
Neçün sizə aci gəlir dadlı sözün həlavəti?
Münkir nədir, Quşçuoğluna deyə müsəvvət söyləmə!
Məgər deyə bilmərəm mən türki dildə müsəvvəti?!
Bu dil məhz bu kimi ərən babaların vətən sevgisi ilə yaşayıb varlığını sürdürmüş, əsrlərə sinə gərərək ədəbi dil səviyyəsində inkişaf etdmişdir. Sonralar Vaqifin, Vidadinin, Zakirin, Nəbatinin, Aşıq Ələsgərin, Mirzə Cəlilin, Sabirin, Cavidin və başqalarının milli ruhu ilə bizlərə miras qoyulmuşdur. Bizim ən böyük və ən dəyərli mirasımız, milli sərvətimiz olan ana dilimiz Sovet dövründə itib-batmaqdan məhz xalqımızn böyük oğlu, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin qayğısı ilə mümükün olmuş, 50 milyondan çox azərbaycanlını birləşdirən dəyər kimi yeni bir inkişaf dönəminə daxil olmuşdur.
Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Müdrik liderin ana dilimizlə bağlı çox zəruri və aktual olan bir məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirmişdir: “Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. ...gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. Bu baxımdan zaman-zaman ana dilimizə qarşı yad təsirlər olunub, məhv edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir də Sovet dövründə yaranıb. Belə ki, rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda manqurtlaşma siyasəti apararaq öncə ana dilini məhv etmək və milli-mənəvi dəyərləri şikəst etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimiz unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və “rus dili ikinci ana dilidir” təlqini ilə milli dilə məhvedici plan həyata keçirilmişdir. Elə bunun nəticəsi idi ki, SSRİ dönəmində Azərbaycanın paytaxtında – Bakı şəhərində milli azlıqlar milli genefondumuzu üstələmiş, rus dili ana dilini passivləşdirərək ön plana keçmiş, hər sahədə fəallıq qazanmış, əsas yeri tutmuşdur. Bu mənada bütün yazışmaların, reklam yazıları və sosial ünsiyyətin əsas dili rus dili olduğuna görə Bakı milli regiondan daha çox “Yəcuc-Məcuc” şəhərinə oxşadılmışdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşmış, onların milli mənafedən həlli ön planda dayanmışdır. Heydər Əliyev müdriklik, qeyri-adi ağıl və cəsarətlə ilk növbədə Azərbaycan dilinin dövlət dili olmasını qanuniləşdirmişdir. Ulu öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycanın yeni Konstitusiya layihəsi müzakirə edilən zaman israrla, hətta öz şəxsi nüfuzundan istifadə etməklə 73-cü maddəni “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” redaksiyasında təsbit etdirdi. Ümummilli lider Heydər Əliyev öz şəxsi nümunəsilə idarələrdə, tədbir və yığıncaqlarda doğma Azərbaycan dilində danışmaq və yazmaq ənənəsi yaratdı, onu gücləndirmə tədbirləri də həyata keçirdi, fəaliyyət dairəsindən qovulmuş saf, təmiz Azərbaycan dilini öz haqqına qovuşdurdu. Bu mənada: “Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə həyata keçirilən milli kökə qayıdış prosesi, əslində, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində oldu. İnsanlar rəhbərin gözəl, ifadəli ana dilində etdiyi çıxışlarında, onun dövlətçilik məntiqində, Vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında müstəqil dövlətimizin doğma sədalarını eşitdilər. Sonralar ulu öndər Bakıdakı məclislərdə də ana dilində danışmaq üçün fürsətlər tapdı. Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıcılar İttifaqının məclislərində Azərbaycan dilində çıxışlar etməyə başladı. Ümummilli liderin rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdı”. “Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, dövlət orqanlarında milli kadrlara üstünlük verilməsi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər isə xalqımızın milli özünüdərkinin yüksəlişinə şərait yaratdı. Mübaliğəsiz demək olar ki, sonrakı illərdə Azərbaycanda milli özünüdərkin geniş vüsət almasına, milli şüurun yüksəlməsinə təkan verən sürətli inkişaf strategiyasının böyük uğurla həyata keçirilməsi Heydər Əliyevin sovet dövründə əsasını qoyduğu rəhbərlik və idarəetmə fəlsəfəsinin aparıcı ideya-siyasi qayəsini təşkil etmişdir”. Ümummlli liderimiz Heydər Əliyev o dövrü və bu problemi şərh edərkən deyirdi: “Bəzi adamlarda, təəssüf ki, öz dilinə düzgün münasibət çatmırdı”. Bu mənada da ulu öndərimizin ciddi cəyləri və əvəzedilməz xidmətləri sayəsində ana dilimizin milli dil haqqı, qanuni mövqeyi və statusu özünə qaytarıldı. Yarı rus, yarı Azərbaycanca eybəcərləşdirilmiş, şil-şikəst edilmiş dilimizin təmizlənməsi istiqamətində yetərli tədbirlər görülməyə, məqsədli işlər həyata keçirilməyə başlandı. Bu istiqamətdə düzgün kadr siyasəti yeritmək də milli inkişafımız üçün əsas prinsiplərdən idi. Əlbəttə, yalnız milli qeyrət və hissiyyatı, məsuliyyət və mənlik hissi olan vətəndaşları hazırlamaq və onları artırmaqla ilk növbədə milliliyi qorumaq, saxlamaq və inkişaf etdirmək olardı. Buna görə də məqsədli olaraq Heydər Əliyev milli kadr potensialını artırmağa diqqət göstərdi. Məhz bu səbəbdən Azərbaycan dili və dilçiliyini tədqiq edən kadrlar çoxaldıldı, nəticədə peşəkar alimlər meydana gəldi, sanballı dərslik və müxtəlif kitablar ərsəyə gətirildi. Azərbaycan dili və ədəbiyyat fakültələri yaradıldı, orta məktəblərdə ana dili və ədəbiyyatının tədrisinə diqqət daha da artırıldı və s.
Ana dilinə dövlət siyasətində bu qədər əhəmiyyət vermənin, əlbəttə, öz sirri, öz şərhi, izahı vardır. Çünki dil elə bir sistem, elə bir varlıqdır ki, bütün dəyərləri – milli, ənənəvi, dini, dünyəvi və s. özündə, öz ruhunda qoruyub saxlayır, nəsildən-nəslə ötürür. Bu mənada “hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Nəsillər bir-birini məhz dil vasitəsilə məlumatlandırır, tərbiyə edir, təlimləndirir, ruhən yetişdirir. Buna görə də milləti məhv etmək üçün ilk növbədə onun dilini hədəfə götürüb məhv edirlər, unutdururlar, qarışdırırlar. Buna görə idi ki, ana dilimizə həmişə öz diqqətini əsirgəməyən ümummilli lider Heydər Əliyev deyirdi: “Bu dil bizi keçmişdə olduğu kimi indi də, gələcəkdə də birləşdirəcəkdir”. Bizi birləşdirən, birləşdirici dəyər olan və milli birliyimizin təminatçısı kimi çıxış edən ana dilimiz həmişə vətəndaşlarımızla birgə ana vətən uğrunda mübarizə aparıb, təsirlərə və təzyiqlərə baxmayaraq, min illərin abidəsi kimi möhkəm və vüqarla dayanıb.
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, - deyən ulu öndər o şəxsiyyət idi ki, ən yüksək təhsilini də rus dilində almışdı, ruscanı rusdan yaxşı bilirdi. Ancaq o öz ana dilini daha yaxşı bilirdi və təsadüfi deyildi ki, onun nitqləri həmişə məzmunlu, sadə və anlaşıqlı olurdu. Millətinə bağlı müdrik rəhbər nitqində heç vaxt rus “aksentini” hiss etdirmirdi. Onun nitqinin xəlqiliyi Azərbaycançılığın ən parlaq təcəssümü kimi təzahür edir və örnək olaraq müəyyənləşirdi. Ümummilli lider Heydər Əliyev vətənpərvərliyin, millətinə, dövlətinə bağlılığın canlı nümunəsi, timsalı, milli faktı və etalonu kimi dayanırdı. Bu, əlbəttə ki, ilk növbədə Heydər Əliyevin milli vətəndaşlıq hisslərinin, milli mənlik qürurunun, sevgisinin ifadəsi idi.
Hər bir dilin özünəməxsus gözəlliyi vardır. Amma milli dəyərlərimizin başında gələn ana dilimiz daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Sözdüzümü, sabit qanunauyğunluqları və düzənliliyi ilə öncül bir dildir. Böyük mütəfəkkir Uşinski demişdir ki: “Ana dili məhv olarkən, xalq artıq yox olur. Xalqın dili yaşadıqca xalq da yaşayır”. Professor Qəzənfər Paşayev yazırdı ki: “Vətən torpağı kiçilib-genişlənə bilər. Şan-şöhrəti tapdalana bilər. Hətta dini dəyişdirilə bilər. Lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir”. Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Buna görə də toplumu millət edən ən böyük amil dildir. Tanınmış Çin filosofu Konfutsidən soruşurlar: “Hakimiyyətə gəlsəydiniz ilk işiniz nə olardı?” Filosof belə deyir: “İlk əvvəl dili düzənə və dissiplinə qoyardım! …heç bir şey dil qədər vacib deyil”. Əgər düşünsək ki, bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür, deməli, hər sözümüz, hər kəlməmiz bir tarix deməkdir. Bizim hər sözümüz, hər kəlməmiz tarixlərin sınağından çıxmışdır! Dilimiz milli ruhumuzun bərqərar olduğu milli dəyərimizdir! Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir. Ana dili bir millətin ən böyük milli dəyəri, onun mənəvi varlığı, sehri, sirri, mövcudluğudur. Dil insanın ən böyük kəşfidir, dil möcüzədir, möcüzə yaradandır. Məşhur Azərbaycan ədibi, böyük pedaqoq, görkəmli ziyalı Firudin bəy Köçərli deyirdi: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”. Xalqımızın görkəmli ziyalıları Səməd Vurğun, Mir Cəlal, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar və başqaları ana dilimizdə möhtəşəm əsərlər yaratmışlar. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərmişdir. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. O ziddiyyətli dövrdə yenə də Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb-yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı. Əlbəttə, bizim milli varlığımızın əks-sədası ana dilimizdir. Onun başının üstünü almış təhlükəni də millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz ümummilli lider Heydər Əliyev oldu. Ədəbiyyat və mədəniyyət xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq və çıxışlarında ifadə etdikləri arzuları yenə də ulu öndər reallaşdırdı.
Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi. Bəhs etdiyimiz məsələ ilə bağlı bütün dövlət sənədləri elə bil ki, biri digərinin davamı oldu. Doğru deyilib: “Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvələrə qalxaraq beynəlxalq nüfuz qazanması xalqın böyük övladlarının adı ilə bağlıdır”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşılmış, onların milli mənafedən həlli məsələləri ön planda dayanmış, Azərbaycan dilinin dövlət dili olması qanuniləşdirilmişdir.
Müstəqillik illərində bu siyasət açıq, kompleks şəkildə, ardıcıl yürüdülməyə başladı, hər şeydən öncə müstəqil Azərbaycan Respublikasında milli dil siyasəti yürüdülməyə başlandı. Çünki ulu öndər ana dilinin milli-tərbiyəvi əhəmiyyətini həmişə üstün tutur və vacib olduğunu bildirirdi. Ümummilli lider deyirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. ...doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır”.
Əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur doğuran tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, - deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqil Azərbaycanın Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. ...Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək: onları oxuya bilməsə bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır. Ümidvaram ki, ...bizim gənclərimiz ...doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır”. Bu baxımdan ana dilimizin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Elə Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı aparılan işlər, görülən zəruri tədbirlər və qazanılan uğurlar da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndər özü bu əlifbanın əhəmiyyətini nəzərə alaraq deyirdi: “Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır”. Ümummilli liderin məhz diqqəti sayəsində latın qrafikalı Azərbaycan əlifbasına keçid sürətlə həyata keçirilməyə başlandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu nailiyyət özlüyündə bizlərə nəyi verdi? Birinci növbədə latın qrafikalı əlifbaya keçməklə xalqımız bütövlükdə latın qrafikası əsasında müəyyənləşən əlifbalarla fəaliyyət göstərən Avropa ailəsinin bir üzvünə çevrilməyə haqq qazandı, dünya vahid yazı sisteminə inteqrasiya etdi. İkinci, dilimizin səslərinin, fonetik sisteminin özünə uyğun mükəmməl əlifba sisteminə nail olundu. Yəni dilimizin bütün səs sistemini, onun ayrı-ayrı fonemlərini ifadə edəcək qrafik işarələr tapıldı və latın qrafikası bu fonetik sistemi işarə etmyə mükəmməl surətdə imkan verdi. Hətta uzun illər işarələnməsi mübahisə mərkəzinə çevrilmiş (H), (X) kimi səslərin də işarə edilməsinə müvəffəq olundu. Üçüncüsü, latın qrafikalı əlifbaya keçid türk milli mənsubiyyətinə aid olan Azərbaycan xalqının qardaş türk xalqlarına və dövlətlərinə daha da yaxınlaşmasına, zəruri ünsiyyətə daxil olmasına, habelə türk həmrəyliyində aparıcı yer tutmasına imkan verdi. Əlbəttə, bu və bu kimi bir çox nəticələr Heydər Əliyevlə başlanmış milli dil siyasətinin uğurlarını əks etdirir. Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu milli dil siyasəti və əlifba islahatlarını daha da inkişaf və davam etdirən Prezident cənab İlham Əliyev ulu öndərin tövsiyə etdiyi bədii ədəbiyyat və digər seriyalardan olan kitabların latın qrafikalı əlifba ilə kütləvi nəşrlərini həyata keçirdi.
Bütün bunlarla birgə qeyd olunmalıdır ki, uğurlu milli dil siyasəti müəyyənləşdirməkdən başqa ümummilli lider Heydər Əliyev özü həm də kamil natiq idi. Onun hər bir nitqi mükəmməl natiqlik sənəti nümunəsi hesab edilə bilər. Onun nitqindəki zənginlik, dəqiqlik, düzgünlük və ifadəlilik etalon bir nitq nümunəsini, natiqlik sənətinin meyarını daşıya bilər. Ana dilində olduqca mükəmməl, səlis və çox da səmimi danışan Heydər Əliyev natiqlik sənətinin hər bir növündə çox uğurla danışa bilirdi. Onun nitqləri məkana, zamana və auditoriyaya görə müəyyənləşərək güclü təsiredici, təlqin altına ala bilən nitq olaraq ortaya çıxırdı. Burda Siseronun bir məşhur sözünü qeyd etmək yerinə düşər: “Ancaq müdrik adam həqiqi natiq ola bilər. Natiq dialektin müdrikliyini, filosofun düşüncələrini, dərin fikirlərini, şairin sözləri mənalandırma bacarığını, hüquqçunun möhkəm yaddaşını, tragiklərin səsindəki intonasiyanı özündə yaşatmalıdır. Filosof natiqdən aşağı səviyyədə durur. Çünki hər filosof natiq ola bilmir, natiq isə filosofların öyrəndiyi bütün bilikləri əxz etməyi bacarır”. Bu mənada, Heydər Əliyev müdrik və dahi şəxsiyyət idi. Məhz onun səlis, təlqinedici, səfərbəredici kamil nitqi Azərbaycan xalqının milli birliyinin və mübarizə qüvvəsinin mərkəzində dayanan liderlik faktlarından biridir. Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində ana dili məsələsi həmişə əsas, birinci yeri tutmuşdur. Çünki ana dili millətin ruhu, mənəviyyatı, milli varlığı dərəcəsindədir, onsuz milli mövcudluq yoxdur. Bu mənada da ümummilli lider Heydər Əliyev deyirdi: “Bilirsiniz, hər br millətin dili onun üçün çox əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dilimiz həyatımızıda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa öz xidmətini göstərməlidir... Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ölkələrinin də dilini mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin”. Elə gənclərə tövsiyəsində də ümummilli lider Heydər Əliyev ana dilinin başqa əcnəbi dillərə qurban verilməməsini əsas hesab edirdi: “Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Anacaq bilin ki, bu həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz”.
Çox sevindirici və minnətdarlıq doğuran haldır ki, müdrik liderimizin dahiyanə siyasi kursu, banisi olduğu Azərbaycançılıq ideologiyası dahi liderin uğurlu siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli Sərəncamları ölkəmizdə bu işlərin davamlı və ardıcıl həyata keçirilməsinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı da ana dilimizin müasir dövrün tələbləri şəraitində qorunması, saflaşdırılması kimi vacib, konseptual məsələləri qarşıya vəzifə qoymuş, həm də bu sahədə bundan sonra görüləcək vacib işlərin miqyasının müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır. Bütün bunlar onu bir daha göstərir ki, ulu öndərimiz Heydər Əliyevin ana dilinə qayğı siyasəti bu gün də uğurla davam və inkişaf etdirilir. Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizə toxunaraq bir sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan Prezidentimizin söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən illik ümumi yığıncağındakı nitqində də dil məsələsinə son dərəcə ciddiyyətlə önəm verərək və ana dilimizin mühafizəsini elm xadimlərinin diqqətinə çatdıraraq bir daha təsdiqləmişdir ki, bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur. Dövlətin həyata keçirəcəyi bu mühüm sənəd dilçilik mədəniyyətimizin yeni üfüqlərini naxışlayır. Ölkə Prezidentinin dediyi kimi, “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir”. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının və hər bir azərbaycanlının müqəddəs borcudur. Bu vəzifədən irəli gələrək milli varlığımızı təşkil edən ana dilimizin saflığının qorunması istiqamətində tədbirlər ən müxtəlif sahələri əhatə edir. Ölkəmizin bir sıra şəhərlərində ana dilinə verilən dəyər və qiymətin məntiqi davamı kimi “Ana dili” abidəsi ucaldılmışdır. Reklam lövhələrində ana dilimizin tələblərinin qorunması məsələsi ciddi nəzarət olunur, ardıcıl və davamlı tədbirlər həyata keçirilir. Televiziya kanallarında, mətbuat səhifələrində ana dilimizin saflığının qorunması istiqamətində bir sıra vacib və nümunəvi işlər diqqət mərkəzində saxlanılır.
Bəli, əsrlərin qan yaddaşı, daş yaddaşı olan, heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan ana dilimiz bu gün dünyada yaşayan 50 milyondan çox Azərbaycan xalqını bir ideya, bir məslək, bir vətən ətrafında birləşdirən ən etibarlı vasitədir, milli varlığımızdır. Ana dilimizin, dövlət dilimizin inkişafı sahəsində əvəzolunmaz xidmətlər göstərmiş, çoxcəhətli fəaliyyət sahəsinə malik ümummilli liderimiz Heydər Əliyev həm də ana dilimizi sevmək, onu bilmək və yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini də bir vəzifə kimi müəyyənləşdirərək hər bir azərbaycanlıya bu müdrik sözlərilə səslənərək demişdir: “...Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent