MƏMMƏD ARAZIN SÖZ DÜNYASI

MƏMMƏD ARAZIN SÖZ DÜNYASI

26 İyul 2023

Xalq şairi Məmməd Araz XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zirvəsini təşkil edən qüdrətili bir şair, məharətli bir sənətkardır. Məmməd Araz sözün elə bir rəngini, elə bir çalarını yaratdı ki, bu rəngin əsas tonunu Vətən, əlavə çalarlarını İnsan, Dünya və Zaman yaratdı. Bəlkə mübaliğəli görünər, amma qətiyyətlə və tam səmimiyyətlə deyə bilərik ki, onun sözü də yeni bir Dünya, Zaman və İnsan yaratdı. Elə bir dünya ki, bu dünyadan baxanda da, bu dünyaya baxanda da görünən Azərbaycandır. Bu mənada Xalq şairi Məmməd Arazın söz dünyasına səyahət etmək sanki mənəvi bir ehtiyac, ciddi bir zərurətdir.

Xalq şairi Məmməd Arazın yaradıcılığı çoxşaxəli və zəngindir. Onun bu zəngin irsinin başqa bir səciyyəvi cəhəti dünyadərki və dünyabaxışında özünəməxsus bir xüsusiyyətə malik olmasındadır. Məmməd Araz yaradıcılığında İnsan, Dünya və Zaman yeni anlam kəsb etdiyi kimi,  yeni dərk – qavram da qazanır və adi semantik mənasından mücərrəd fəlsəfi mənaya doğru inkişaf yolu tapır.  Bu istiqamətdə şairin “Dünya sənin, dünya mənim” şeiri şairin az qala bütöv yaradıcılığından seçilə biləcək, hətta bütün yaradıcılığı ilə üz-üzə  dura biləcək bir səviyyədə olan  ən tutarlı nümunədir. Burda hər şey öz mənasının əslini, özgə bir təbirini tapır. Adi bir hadisəyə böyük bir fəlsəfi məna verilir, “Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da, qoşa düşmərik” – kimi tək bir beytin anlamı düşüncələri dərkin bütün dərinliyinə doğru çəkir: Bir insan, bir fəlsəfi hadisə varlıq olaraq SƏN və MƏN... Eyni cisimdən, eyni maddədən yaranıb, eyni taledə (doğulmaq, yaşamaq və ölmək) dünyaya atılan, amma bu tale yolunda eyni olmayan, bir sevdaya gəlməyən BİZ… Gecə gündüzdən, ağ qaradan, varlıq yoxluqdan, əyri düzdən, yaxşı pisdən, gözəllik eybəcərlikdən, xeyir şərdən birlikdə yaranıb ayrıldığı, qopduğu, bir araya gələ bilmədiyi kimi  biz də  özümüzdə bu mənaların hər birini daşıyaraq heç vaxt qoşa düşmədik. Hərə özündə bir təkrarsızlıq, bənzərsizlik və özünəməxsusluq daşıyaraq biri-birindən seçildi. Hərənin öz sevdası, öz günahı, öz cəzası... Qoşalaşan, əkizləşən, cütləşən, ədədi silsilə kimi çoxalan insan toplumuna bir günəş zərrəsi yetir. Hər şey, hamı bir zərrə Günəş  işığına möhtacdır. Milyonlar özü-özünü idarə edə və saxlaya bilməsə də, “bir ağlın budağı” onları idarə etməyə yetir. Hər şeydə razılığa gələ bilməyən, qoşa düşməyən olsalar da,  bir Tanrı  nəinki milyonlara, milyardlara yetir. Bu dünyada inamından qopsan da, yolunu-izini bilməsən də, nə günə durduğunu bilməsən də, özündə deyilsənsə də, “bir sevdanın ətəyindən  tutub da fırlanmaq” bir ümid yoludur. Sənin  kimi minlər, milyonlar bu dünyadan kam almaq istəsələr də, varlıq uğrunda özlərini yorub əldən salsalar da,  “dünya mənim” savaşında heç kim, heç bir pay ala bilməyib:  “Dünya heç kimin...”.

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu  ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər, əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin.

Nəsillər gedib-gələr, hər cür varlıqlar yox olar, yenidən yaranar, ömür üstünə ömür, zaman üstünə zaman  gələr, buna görə də dünya həmişə bu get-gəllərin  yükünü çəkən, daşıyan bir dəvədir. Hər bir gün bir ömrün naxışı, hər bir ömür də bir insan taleyidir, hər bir  insan taleyi də dünya üçün bir naxışdır. Dünya ayrı-ayrı doğulmuş insanları, ayrı-ayrı taleləri, ömür-günləri bir naxış kimi bir-birinə bağlayan, onları bərkidən həvədir və s.

Məmməd Araz irsi insan qəlbi qədər zəngin, insan niyyəti qədər dərindir. Bu bir həqiqətdir ki, şeriyyət Məmməd Araz üçün vulkanik bir fikir, özünüifadə  üsuludur. Fikrimizcə, Məmməd Araza “şeir qoşmaq” mənasında şair demək olmaz. Məmməd Arazın özü demiş, şair odur ki, söz axtarışına çıxsın, söz qovsun, cızma-qara eləsin… Amma Məmməd Araz  elə bil sözü deyil, söz Məmməd Arazı tapır. Düşünə bilmirsən ki, Məmməd Araz oturub söz axtarıb, söz yumalayıb… Onun bütün fikri, duyumu, nitqi özü şeriyyətdir. Şair Məmməd Araz Tanrıdan gələn ilk sözün saflığını daşıyan şeriyyət yaradıcısıdır. Yazıçı Aqil Abbasın Xalq şairi haqqında dediyi kimi: “Tanrının öz bir zərrəsi kimi Yer üzünə göndərdiyi Məmməd Araz təkcə şair istedadı ilə deyil, bu vətənə, bu millətə, bu torpağa, insanlığa olan sevgi istedadı ilə sağlığında klassikə çevrildi”. Bu mənada, fikrimizcə, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb. Mənalarına görə sözlərin dəqiq yerləşimi, fikrin ifadəsi üçün tutumlu ifadə və sözlərin tapılması kimi böyük sənətkarlıq nailiyyəti Məmməd Araz irsinin səciyyəsidir. Bəzən ən az istifadə edilən sözlərin belə tapılıb istifadə edilməsi Məmməd Araz yaradıcılığının leksik zənginliyi kimi diqqəti cəlb edir. Şairin:

Dolular qırımlı, daşlar döyənək,

Sən kimə gərəksən, mən kimə gərək, və yaxud:

Haray durnam, qatarımı itirdim,

Havar çəkdim, havarımı itirdim.

Dalğasında avarımı itirdim, yaxud:

Keçməzliyə keçid olan

Çəhlimlərin açarını, “Girəvə-marıqda yatar birisi” və sair kimi misralarında olan kimi elə sözlər işlənir ki, bu sözlər ana dilimizin söz, məna zənginliyi və forma gözəlliyini əks etdirən mükəmməl göstəricilərdir. Bu da Məmməd Araz şeriyyətinin səciyyəvi cəhətidir ki, şairin ifadə etmək istədiyi fikir-mətləbə görə sözlər elə seçilib yerləşdirilir ki, sözlər məna-məzmun ifadəsi baxımından tamam yüklənmişdir. Məmməd Araz şeriyyətində hər hansı bir təsadüfi söz yerləşiminə rast gəlmək mümkün deyil ki, fikir natamam, yaxud ideyanı, mətləbi caydıran olsun, söz təsadüfi, yerinə düşməyən olsun. Bu baxımdan Xalq şairi Məmməd Araz irsində sözlərin yüklənməsi dərin mətləb-məntiq yaradır. Buna görə də, bizim fikrimizcə,  Məmməd Arazın şeirlərini birnəfəsə oxuyub keçmək olmur. Çünki fikri anlamaq, mətləbi başa düşmək üçün oxu yavaşıyır, təfəkkür məntiqin ardınca sürünür. Bu da səciyyəvi, bu cəhətdən dogma haldır ki, Məmməd Araz yaradıcılığında qafiyələnmə baxımından tam qafiyələnmə, sözlərin fonetik tərkibinə görə uyğunlaşması nəticəsində qafiyə yaradılması yox dərəcəsindədir. Onun yaradıcılığında qafiyələr daha çox və əsasən, məna-semantik cəhətdən yerləşən sözlərin səthi uyuşması ilə yaranır. Məsələn:

Bu gün sənin hər gözündə bir gülüş –

Biri tutqun, biri çılğın, bürkülü.

Baxışına yad baxışlar bükülü.

İnnən belə o gözlərə baxmaram.

Ana dilinin belə kamil işlənməsi və təcəssümünə görə onun yaradıcılıq dilinə tədqiqatlarda xüsusi qiymət verilib. Böyük Azərbaycan şairinin dilindəki bu hünəri müşahidə edən müəlliflər də qəti inamla yazırdılar ki: “Dədə Qorqud nəfəsli Azərbaycan dilinin bütün gözəlliyi və ecazkarlığı Məmməd Arazın şeirlərində  qürurla səslənməkdədir”. Xalq yazıçısı Anar onun bədii dilini təhlil edərək yazırdı: “Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burada, nə də darısqal dil köynəyində çırpınan düşüncələr”.  O cümlədən yazıçı Sabir Rüstəmxanlı da haqlı olaraq yazırdı ki: “Məmməd Araz üçün ana dili taleyin əlilə ölçülüb-biçilib. Ana dili onun şeirində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. …Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şeirdir”. Bu da düzgün fikirdir ki, “Məmməd Araz poeziyasında nə varsa, onun özüdür və özünündür: şəxsiyyət də, insanilik  də, kökə bağlılıq da, ilahiyə inam da, yurddaşlıq da, həzinlik də, haray da, fəryad da…” (V.Yusifli).

Azərbaycan ədəbiyyatında daşıdığı şərəfli ada və tutduğu layiqli mövqeyə görə Azərbaycan dövlət bu görkəmli sənətkara hər zaman yüksək dövlət qayğısı nümayiş etdirmişdir. Məmməd Araz yaradıclığını dərindən sevən və yüksək ehtiram duyan Ulu Öndər Heydər Əliyev demişdir: “Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeriniz milyonların qəlbinə yol taparaq özünə və Sizə əbədi yaşamaq hüququ qazandırıb...”. Və yaxud: “Bu gün biz bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı, gərəkli olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcı­lığının nə qədər böyük əhəmiyyəti var”. Məhz bu yüksək ehtiramın davamı olaraq şairin ana vətəni doğma Nursuda ev muzeyi də yaradılmış, Məmməd Araz sevərlər üçün bir “Məmməd Araz ocağı”na çevrilmişdir.  Bu ocaqdakı “çırpısı tətikdə, odunu dəmdə” eksponatların hamısı adamı Xalq şairi Məmməd Arazın dünyasına götürməyə, onunla canlı bir ünsiyyət qurmağa imkan yaradır.

…Məmməd Araz şeirlərindən birində:

Özündən qaçmağa nə varmış?

Qaçıram.

Özünə qayıtmaq çətinmiş, çox çətin.

…Gedirəm, gedirəm öz çevrəm boyunca,

Öz çevrəm boyunca dönərəm yenə də...

- deyirdi. Bu mənada şair Məmməd Araz öz söz yükü, məna dərinliyi və mövzu əhatəsi ilə Azərbaycan ədəbiyyatında liman salan nəhəng bir gəmidir.  Zaman Məmməd Arazdan nə qədər uzağa getsə də, məkan və məna Məmməd Araza doğru bir o qədər yaxınlaşır, onun söz, məna aləminə qayıdış ehtiyacı hiss edir.   

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent