
Aktrisa Pakizə Məmmədova - 100
May ayının 4-də Naxçıvan Teatrının aktrisası, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Pakizə Məmmədovanın anadan olmasının 100 illiyi tamam olur. 1924-cü ilin bu günündə Naxçıvan şəhərində anadan olan aktrisa teatr təhsili görməmişdi, o zamanın istedadlı gəncləri kimi teatra, səhnəyə orta məktəbdən həvəs göstərmişdi. Səməd Mövləvi, İbrahim Həmzəyev, İsa Musayev, Firuzə Əlixanova, Xədicə Qazıyeva kimi klassik aktyorlar Pakizə Məmmədovanın bir sənətkar kimi yetişməsində xüsusi rol oynayıblar. Pakizə Məmmədova Şekspirin “Otello”sunda Emilya, Hüseyn Cavidin “Şeyx Sənan”ında Əzra, Süleyman Rüstəmin “Qaçaq Nəbi” əsərində Çimnaz, Səməd Vurğunun “Vaqif”ində Gülnar, Üzeyir Hacıbəyovun “O olmasın , bu olsun” komediyasında Sənəm, “Arşin mal alan”ında Telli, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Gülbahar kimi obrazlar yaradıb.
1950-ci illərdə Naxçıvan Teatrına gələn aktrisa 1980-cı illərin sonuna qədər teatrda 100-dən artıq rol oynayıb. Xalq artisti Yasəmən Ramazanova onunla bağlı xatirələrində qeyd edir ki, Pakizə xanım çox səliqəli geyinən və aktrisa kimi zahiri görünüşünə fikir verən, yaraşıqlı bir qadın idi. Oynadığı obrazlarda sanki bir kübarlıq hiss olunurdu.
Pakizə Məmmədova ilə bir səhnədə çıxış edən xalq artisti Rövşən Hüseynov isə aktrisanın çox yaxşı tərəf müqabili kimi xatırlayır. Səmimi insan olan Pakizə xanım çox güləyən idi,- Rövşən müəllim belə deyir,- Bir neçə dəfə onunla tərəf müqabili olmuşam. Bilirdim ki, güləyəndir, ona görə bəzən rolda improvizələr edir, gülməli vəziyyət yaradırdım. O isə , ay Rövşən, sən allah , bilirsən ki səni çox istəyirəm, sənətinə də sözüm yox, məni az güldür tamaşada, bir gün səhnədə gülməkdən ürəyim keçəcək.
Rövşən müəllim onu da xatırlayır ki, 1987-ci ildə Naxçıvan Teatrının 100 illiyi münasibətilə aktyorlara fəxri adlar verdilər. Əslində hər kəs Pakizə Məmmədovanın Azərbaycan SSR-in Əməkdar artisti fəxri adını almasını gözləyirdi. Ona isə sadəcə bir diplom verdilər. Ondan sonra teatra gələn aktyorlara bu yüksək fəxri adın verildiyini biləndə isə - qoy, hər kəsə fəxri ad, mənə isə can sağlığı qismət olsun –deyib teatrdan getdi və bir daha qayıtmadı. Halbuki daha nə qədər yadda qalan rol oynaya bilərdi.
Aktrisa “Mənim nəğməkar bibim” tamaşasında Nabat və “Solğun çiçəklər” faciəsində oynadığı Pəri obrazlarını özünəməxsus xüsusi cizgilərlə oynayıb. Bu rolları onu Naxçıvan tamaşaçısının yaddaşında bir sənətkar kimi saxlayıb.
Aktrisa , Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Pakizə Məmmədova 2001-ci il iyun ayının 17-də vəfat edib.
Səməd Canbaxşiyev