Şəhidlərimizin xatirəsi daima ehtiramla yad edilir - FOTO
Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn Qasımov Şəhriyar Vəzir oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər və digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq qələbələrin tarixi əhəmiyyətindən, Vətən müharibəsində igid oğullarımızın nümayiş etdirdiyi igidlik və şücaət nümunələrindən danışıblar. Döyüş iştirakçıları Ş.Qasımov haqqında xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.