Şəhidlər tarixləşən – istiqlal türbəsidir!

Şəhidlər tarixləşən – istiqlal türbəsidir!

19 Noyabr 2024

Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir, Şəhidlər tarixləşən – istiqlal türbəsidir, Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını, onları bəxş edən ata-anaları ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur…

Məmləkətin, xalqın qan yaddaşı olan şəhid qəhrəmanlarından olan Naxçıvan torpağının fəxri Məmmədov Araz Qəhrəman oğlu və Məmmədzadə Pərviz Zahid oğludur. Qəhrəmanlarımızın şəhidlik məqamına yüksəlməsindən 4 il ötür.

Bu münasibətlə Qaraçuq və Tumbul kəndlərində keçirilən tədbirlərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, şöbənin baş məsləhətçisi Rəfail Əhmədov, İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Sosial Xidmətlər Agentliyinin Naxçıvan şəhər şöbəsinin direktoru İmran Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları, Naxçıvan şəhər 9 və 13 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları şəhidlərin valideynlərinə və ailə üzvlərinə başsağlığı verib, çıxış edənlər qəhrəman Vətən oğullarının igidliyi, şücaəti nəticəsində 30 illik torpaq həsrətinə son qoyulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıblar. 9 və 13 nömrəli tam orta məktəblərin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Məmmədov Araz 16 iyul 1997- ci ildə Naxçıvanın Tumbul kəndində anadan olub. Orta təhsilini Tumbul kənd orta məktəbində alan Araz təhsilini bitirdikdən sonra hərbi xitmətə yollanıb. Hərb işini sevən el oğlu xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi xidmətini xüsüsi təyinatlı qüvvələrin əsgər kimi davam etdirib.

Qəhrəman el oğlumuz 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində başlanan Vətən müharibəsinə yollanıb. Xüsusi təyinatlıların tərkibində döyüşlərə qatılan Arazın Cəbrayıl, Füzuli və Xocavəndin alınmasında böyük xidmətləri olub.

Lakin elə həmin rayon yaxınlığında, 9 noyabr tarixində, qələbəyə bir gün qalmış ən ali məqam olan şəhidlik zirvəsinə yüksəlib.
Onun şücaəti, qəhrəmanlığı bir daha sübut etdi ki, vətənpərvər gənclər Vətən sevgisini yalnız dildə deyil, əməlləri ilə də sübut edirlər.

Vətən uğrunda canını fəda edən şəhidimiz Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" , " Xocavəndin azad edilməsinı görə" medalları" ilə təltif edilib.

Əsgər Məmmədzadə Pərviz Zahid oğlu 2001-ci il iyulun 31-də Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində anadan olmuşdur. 2007-2015-ci illərdə Naxçıvan şəhər Qaraxanbəyli kənd tam orta məktəbində, 2015-2018-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2018-ci ildə bu liseydən məzun olaraq Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2020-ci ildə təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşür.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmiş, 2020-ci il noyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə şəhid Məmmədzadə Pərviz Zahid oğlu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bəli, şəhidlər ölmür, ürəklərdə, xatirələrdə, tarixdə həmişəlik yaşayırlar. Məmmədov Araz orta təhsilində tarix dərslərindən əla qiymətlər almasa da, ölümü ilə əbədi bir tarix yazdı. Elə bir tarix ki, gələcək nəsillər üçün əsil vətənpərvərlik, qəhrəmanlıq nümunəsi oldu.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü