Sahibə Qafarova Birol Akgünü qəbul edib

Sahibə Qafarova Birol Akgünü qəbul edib

20 Fevral 2025

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünü qəbul edib.

Milli Məclisin sədri qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilərək, münasibətlərimizin Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq, bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. İki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdığı və bu gün dünya miqyasında Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri olmadığı vurğulanıb. Tarixi Şuşa Bəyannaməsi xalqlarımız arasında mövcud olan tarixi, ənənəvi qardaşlıq əlaqələrinin ifadəsi kimi qiymətləndirilib. Həmçinin bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu regionumuzda da sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına mühüm amildir.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub. Qeyd olunub ki, iki qardaş dövlət hər zaman bir-birinin yanındadır və bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birilərini dəstəkləyirlər.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin iki ölkənin parlamentləri platformasında da uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, qanunverici orqanlarımız arasında əlaqələr ölkələrimiz arasında əməkdaşlığın ruhuna uyğundur və ildən-ilə möhkəmlənir. İkitərəfli əsasda əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyi diqqətə çatdırılıb.

Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.