NMİ-də "2 Fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə tədbir keçirilib -

NMİ-də "2 Fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə tədbir keçirilib - FOTO

30 Yanvar 2025

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda "2 Fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə “Təhsil və gələcəyin qurucuları” mövzusunda dəyirmi masa keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan, institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov qeyd edib ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər edərək onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratmışdır. Həmçinin 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirmişdir. Elşən Məmmədov diqqətə çatdırıb ki, bu uğurlu siyasətin davamı kimi Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirərək Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul etmiş, 2007-ci il “Gənclər ili” elan olunmuş, 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunmuş və Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənmişdir. O gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olmasının 44 günlük Vətən müharibəsində həlledici rol oynadığını, müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin yerinə yetirdiyini deyib, məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfərlə Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşduğunu bildirib.

Elşən Məmmədov çıxışının sonunda institutun bütün tələbələrinin öz növbəsində Azərbaycan gəncliyinin bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk etməli olduğunu, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atmalı olduğunu deyib, tədbir iştirakçılarını, onların timsalında bütün Azərbaycan gənclərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb

Sonra institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir və onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün tədbirlər Azərbaycan gəncliyini daha parlaq gələcəyə aparacaqdır.

 Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli öz çıxışında vurğulayıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin bizə ən böyük hədiyyəsi olan gənclər gününün təsis edilməsini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirik. Bizlər bu ali diqqət və qayğını daim öz üzərimizdə hiss edən gənclər olaraq öz sahəmizdə, fəaliyyətimizdə inamla çalışmalı, bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləməliyik.

 Sonra dəyirmi masada iştirak edən gənclərin mövzu ətrafında fikirləri dinlənilib. Gənclər çıxışlarında vurğulayıb ki, bizim hər birimiz göstərilən diqqət, qayğı və etimadı layiqincə doğrultmağa çalışmalı, Vətənin inkişafı üçün səylə çalışan, öz siyasətində gənclərə arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyən bir nəsil kimi yetişməli, yeni nəsillər yetişdirməliyik.

Sonda uğurlu fəaliyyəti ilə seçilən tələbələr institut rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif edilib, birlikdə xatirə şəkilləri çəkilib.