Naxçıvanda yerli məhsulların brendləşməsi və ixrac imkanları diqqətdə saxlanılır

Naxçıvanda yerli məhsulların brendləşməsi və ixrac imkanları diqqətdə saxlanılır

27 Dekabr 2024

Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bölgənin spesifik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi, brendləşdirilməsi və xarici bazarlara çıxarılması istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə, meyvə qurularının istehsalı və ixracı kimi sahələr xüsusi diqqətdə saxlanılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2024-cü ilin iyul-sentyabr aylarında Naxçıvanda kənd təsərrüfatı məhsullarının emalı üzrə həyata keçirilən 6 layihəyə 450 000 manat, kənd təsərrüfatı yönümlü 16 layihəyə isə 519 000 manat olmaqla, ümumilikdə 969 000 manat dövlət maliyyə dəstəyi göstərilib.

Bölgədə "Orqanik Naxçıvan" publik hüquqi şəxsin yaradılması istiqamətində görülən işlər isə orqanik kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək. Yerli məhsulların xarici bazarlara çıxarılmasına yönələn təşəbbüslər çərçivəsində sahibkarların fəaliyyətinin stimullaşdırılması da diqqət mərkəzindədir.

"Qızıl su" MMC-nin fəaliyyəti isə Naxçıvan məhsullarının ixrac potensialını genişləndirməkdə mühüm rol oynayır. Şirkət istehsal etdiyi məhsulları hazırda Bakı, Sumqayıt, Quba və Ağdaş rayonlarına satışa göndərir və yaxın zamanda Qəbələ rayonunu da əhatə etməyi planlaşdırır. Şirkətin Bakı ofisinin nümayəndəsi Emin Məmmədov bu istiqamətdə görülən işlərin ölkəmizin digər rayonlarına və xarici bazarlara məhsul göndərmək məqsədinə xidmət etdiyini vurğulayıb.

"Dövlətin yaratdığı sərbəst iqtisadi mühitin təsiri ilə Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı artır. Bu isə Muxtar Respublikanın sosial-iqtisadi inkişafına, eyni zamanda ixrac potensialının gücləndirilməsinə mühüm töhfə verir". - deyə o, bildirib.

Müsahibəni hazırladı:

Mətin KAMAL