Sədərəkdə ilin yekunlarına dair tədbir keçirilib - FOTO
Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və “Naxçıvan Muxtar Respublikası 100 il” çərçivəsində hazırlanmış tədbirlər planının icrasını yekunlaşdıran tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyev, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlar və təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxışında Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və bu çərçivədə ölkəmizdə aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb. Ətraf mühitin qorunması, su ehtiyatlarının səmərəli istifadəsi və yaşıl enerji mənbələrinin inkişafı istiqamətində görülən işlərin Azərbaycanın 2030-cu il milli prioritetlərinə uyğun olduğunu vurğulayıb.
Naim Cahidzadə həmçinin, işğaldan azad olunan ərazilərdə aparılan bərpa işlərinin COP29 öhdəliklərinə uyğun şəkildə həyata keçirildiyini və bu tədbirin ölkəmizin qlobal səviyyədə nüfuzunun artmasına töhfə verdiyini bildirib.
Bundan əlavə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyəti vurğulanıb. İcra başçısı Naxçıvanın tarixdəki mühüm rolunu və dövlət səviyyəsində qeyd olunan yubileylərin bu bölgənin siyasi tarixdəki yerini bir daha təsdiq etdiyini bildirib.
Tədbirdə Sədərək rayon BHİK sədri Sənan Hüseynov və Təhsil Şöbəsinin müdiri Sirac Qarayev də çıxış edərək müvafiq mövzularda fikirlərini bölüşüblər.
Sonda il ərzində keçirilən tədbirlərdə fəal iştiraklarına görə 21 nəfər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.