
Naxçıvanda “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 15-də Naxçıvan şəhərində “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Dəyirmi masa formatında keçirilən tədbirin məqsədi uşaqların hüquqları və cəmiyyət qarşısındakı məsuliyyətləri barədə məlumatlandırmanı artırmaq olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Rəfail Əhmədov uşaq hüquqları sahəsində maarifləndirmənin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxışında bildirib ki, uşaqların hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsidir və onların fiziki və psixoloji cəhətdən müdafiəsizliyi xüsusi qayğı və diqqət tələb edir. O, vurğulayıb ki, ölkəmizdə uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində qanunvericilik bazası və təminat mexanizmləri mövcuddur.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin əməkdaşı David Hüseynov və Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin direktor müavini Əbülfəz Rzayev də mövzu ətrafında fikirlərini bölüşüblər.
Maarifləndirici broşürların paylandığı və iştirakçıların suallarının cavablandırıldığı tədbirdən ümumilikdə 38 nəfər faydalanıb.