Naxçıvanda məşğulluq səviyyəsi yüksəlib: 45,7% artım müşahidə olunub

Naxçıvanda məşğulluq səviyyəsi yüksəlib: 45,7% artım müşahidə olunub

12 Fevral 2025

2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 2186 nəfər işlə təmin edilib ki, onlardan 803 nəfəri haqqı ödənilən ictimai işlərə (HÖİİ) cəlb olunub. Məşğulluğun artırılması məqsədilə Naxçıvan şəhərində, Babək, Şərur, Kəngərli və Sədərək rayonlarında əmək yarmarkaları təşkil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə mətbuat konfransında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifələrinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib.

O qeyd edib ki, muxtar respublikada müvəqqəti məşğulluğun təmin edilməsi üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vətəndaşların ilkin peşə hazırlığı tələb etməyən ictimai-faydalı işlərə cəlb edilməsi prosesi davam etdirilir.

2023-cü ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında HÖİİ-ə cəlb olunmaq üçün 1000 vakant yerdən ibarət kvota ayrılıb. Dövrün sonunda “DOST İş Mərkəzi” MMC-də 971 nəfər, “Naxçıvan DOST İş Mərkəzi” MMC-də isə 348 nəfər olmaqla, ümumilikdə 1319 nəfər haqqı ödənilən ictimai işlərdə çalışıb.

Aparılan təhlillər göstərir ki, HÖİİ-ə cəlb edilənlərin təxminən 20%-i (200-dən çox ailə) ünvanlı dövlət sosial yardımı (ÜDSY) almaq hüququ qazanıb. Bu yolla həmin ailələrdə adambaşına düşən gəlir ehtiyac meyarına uyğunlaşdırılıb. 2023-cü illə müqayisədə 2024-cü ildə haqqı ödənilən ictimai işlərdə çalışanların sayı 45,7% artıb.