Naxçıvan Şəhər İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub -

Naxçıvan Şəhər İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub - FOTO

17 Yanvar 2025

Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən faciələrilə bağlı hazırlanmış videosüjetə baxış olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə “20 Yanvar - Suverenliyə aparan yol” mövzusunda çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 1990-cı ilin 20 Yanvar tarixinin xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olduğunu qeyd edib. İcra hakimiyyətinin başçısı bildirib ki, həmin gün sovet ordusu xalqımızın haqlı tələblərini boğmaq üçün misli görünməmiş qətliam törətdi, lakin bu qırğın xalqımızın iradəsini sındıra bilmədi. Əksinə 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq mübarizəsini daha da gücləndirdi.

Faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə illk dəfə siyasi-hüquqi qiymət verən qərarlar qəbul edildi. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı.

Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident Cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident Cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ölkə Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında “2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə xüsusi təqaüd təyin edilib.

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Bütün şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslər daim dövlət qayğısı ilə əhatə olunur.

1990 -cı ildən sonra Azərbaycan Respublikası öz torpaqlarının 20 faizini itirdi. Lakin 2020-ci ildə Prezident Cənab İlham Əliyevin qətiyyəti və igid oğullarımızın şücaəti sayəsində Azərbaycan Respublikası 30 ildən sonra torpaqlarını düşmən tapdağından xilas edərək öz Suverenliyini bütün dünyaya elan etdi.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə uzun illər düşmən tapdağında olan Qarabağ yeni dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və məcburi köçkünlər ailələri ilə birgə doğma ata-baba yurdlarına qayıdırlar. Əminik ki, dövlətimizin bütövlüyü, müstəqilliyi və suverenliyi uğurunda canından keçən şəhidlərimizin ruhu şaddır.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz çox böyük nailiyyətlər qazanıb və bundan sonrakı illərdə də əminik ki, Azərbaycanın demokratik və hüquqi dövlət quruluşu daha da möhkəmlənəcək, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artacaqdır.

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva 20 Yanvar faciəsinə hüquqi müstəvidə qiymət verilməsi ilə bağlı çıxış edərək tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu vandalizm aktını törədənlərin cəzalandırılması üçün görülən işlərin təkcə qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətli olduğunu qeyd edib.

20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar həmin gecə uşaq, qadın, yaşlı demədən insanların vəhşicəsinə qətlə yetirilməsini ürək ağrısı ilə xatırladığını bildirib. O, 20 Yanvar şəhidlərinin həmin gecə müstəqillik yolunda şanlı tarix yazdığını qeyd edib.