Millət vəkili: Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi dörd müstəvidə önəm daşıyır

Millət vəkili: Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi dörd müstəvidə önəm daşıyır

14 Yanvar 2025

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan prioritet məsələlərdən biri də Naxçıvanda azad iqtisadi zonanın yaradılmasıdır.

İqtisadçı-ekspertlərin fikrincə bu mümkündür. Naxçıvana isə gələcəkdə çox yüksək iqtisadi dividendlər qazandıra bilər.

Milli Məclisin deputatı, tanınmış iqtisadçı Əli Məsimli Naxçıvanın azad iqtisadi zonaya çevrilməsinin əhəmiyyətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə danışıb.

O, bu prosesi dörd əsas müstəvidə izah edib.

Birinci müstəvi - lokal səviyyə: Deputatın sözlərinə görə, Naxçıvan sıradan bir məkan deyil. Bölgənin iqtisadi resurs və insan kapitalı baxımından böyük potensialı mövcuddur. Xüsusilə alternativ enerji sahəsindəki imkanlar diqqətəlayiqdir. Bu potensiallardan səmərəli istifadə etməklə, istehsalın inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və mühüm sosial-iqtisadi addımların atılmasına nail olmaq mümkündür.

İkinci müstəvi - milli səviyyə: Əli Məsimli bildirib ki, Naxçıvanın azad iqtisadi zona statusu Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək və ümumi iqtisadi inkişaf prosesini sürətləndirəcək.

Üçüncü müstəvi - regional səviyyə: Deputat qeyd edib ki, azad iqtisadi zonanın yaradılması bölgədə liberal iqtisadiyyatın təmin olunmasına və Naxçıvanın sərhəd qonşuları ilə iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Dördüncü müstəvi - qlobal səviyyə: "Naxçıvan iqtisadi inkişafı, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə Şərq-Qərb nəqliyyat dəhlizinin yeni bir komponenti kimi qlobal əhəmiyyət daşıyacaq. Bu proses isə regional və qlobal iqtisadi effektlər yaratmaq potensialına malikdir". - deyə Millət vəkili vurğulayıb.

Mətin KAMAL