Komitədə kollegiya iclası keçirilib -

Komitədə kollegiya iclası keçirilib - FOTO

25 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, 2024-cü ildə görülən işlər müzakirə olunub, 2025-ci ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda Komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Muxtar Respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması istiqamətində tədbirlərin icrası 2024-cü ilin 12 ayı ərzində diqqətdə saxlanılmış, bu məqsədlə tədbir, iclas, təlim, seminar, görüş, müsabiqə, ictimai müzakirə, sərgi-satış yarmarkası, monitorinqlər keçirilmiş, beynəlxalq günlər qeyd edilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi və COP-29 “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər keçirilmiş, əhali arasında ailə, qadın və uşaq məsələləri ilə bağlı geniş təbliğat işi aparılmışdır.

Komitə sədri yekunda görülən işləri ətraflı təhlil edərək bildirmişdir ki, ümumilikdə 2024-cü ilin 12 ayı ərzində 3 Kollegiya iclası, 3 YYÇİHMK-nın iclası, 1 konfrans, 139 tədbir, 80 görüş, 63 təlim, 10 seminar, 78 monitorinq, 6 sərgi-satış, 1 ekskursiya, 4 müsabiqə keçirilmişdir. Bu da 344 müxtəlif səpkili tədbirdir, bu da ötən illə müqayisədə 44 müxtəlif səpkili tədbir çoxdur. Keçirilən maarifləndirici görüş, seminar, təlim və s. tədbirlərdən 3526 kişi və 8076 qadın olmaqla 11602 nəfər yararlanmış, 4241 təbliğat materialı, o cümlədən broşürlər paylanılmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 görüş çox, 13 təlim çox, 10 tədbir çox, 2 müsabiqə çox, 2972 nəfər çox yararlanmış və 1211 təbliğat materialı, o cümlədən broşürlər paylanılmışdır.

Məruzə ətrafında Komitə Aparatının ailə,qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babeyeva, uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova,aparatın maliyyə-təsərrüfat və kargüzarlıq şöbəsinin müdiri Vüsalə Vəliyəva çıxış etmişlər.

Kollegiya iclasında, həmçinin Komitənin 2025-ci il üçün iş planı təsdiq edilmiş, komitədə xidmət keçən dövlət qulluqçularının fəaliyyətləri ilə bağlı cari məsələlər müzakirə olunmuş , kollegiyanın qərarı qəbul edilmişdir.